Marneulidə Beynəlxalq Dostluq və Mədəniyyət Festivalı keçirilib - FOTO
Marneulidə Azərbaycan Evi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Beynəlxalq Dostluq və Mədəniyyət Festivalı keçirilib.
InterPress.ge xəbər verir ki, festivalın məqsədi Gürcüstan, Azərbaycan, Türkiyə və İtaliyanın milli mətbəxini, mədəni irsini və adət-ənənələrini tanıtmaq, xalqlar arasında dostluq münasibətlərini möhkəmləndirmək, mədəniyyətlərarası dialoqu və multikultural dəyərləri təşviq etmək olub.
Tədbir çərçivəsində dörd ölkənin milli mətbəx nümunələri təqdim edilib, milli musiqi alətləri, geyimləri və zəngin mədəni irsini əks etdirən guşələr nümayiş olunub. İştirakçılar müxtəlif xalqların kulinariya ənənələri, milli geyimləri və musiqi mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Festivalda çıxış edən Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov bildirib ki, müasir dövrdə mədəniyyət xalqlar arasında inteqrasiyanın və qarşılıqlı əməkdaşlığın inkişafında mühüm rol oynayır.
Onun sözlərinə görə, müxtəlif ölkələrin milli-mədəni dəyərlərini bir araya gətirən belə layihələr qarşılıqlı anlaşmanın, dostluğun və əməkdaşlığın möhkəmlənməsinə əhəmiyyətli töhfə verir.
GAİM-in əməkdaşı Zülfinaz Əliyeva isə çıxışında festivalın əsas məqsədlərindən birinin gənclər arasında multikultural dəyərlərin təbliği, müxtəlif xalqların mədəni irsi və milli adət-ənənələri barədə məlumatlılığın artırılması olduğunu bildirib. O qeyd edib ki, bu cür layihələr gənclərin mədəniyyətlərarası dialoqda fəal iştirakını təşviq edir, qarşılıqlı hörmət və tolerantlığın möhkəmlənməsinə xidmət edir.
Festival çərçivəsində GAİM-in rəsm müəllimi Xəyalə Mustafayevanın milli-mədəni dəyərləri əks etdirən rəsm əsərlərindən ibarət sərgi də təşkil olunub. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə Marneulidə fəaliyyət göstərən "SAPORİ Dİ Italia", "Play Room Marneuli" və "Manqal" restoranları da iştirak edərək festival proqramına öz töhfələrini veriblər.
Festivalın sonunda GAİM tərəfindən hazırlanmış, Gürcüstan, Azərbaycan, Türkiyə və İtaliyanın mədəni irsini, milli mətbəxini və adət-ənənələrini əks etdirən maarifləndirici broşürlər iştirakçılara paylanılıb.
Təşkilatçıların bildirdiyinə görə, festival müxtəlif xalqların mədəniyyətlərinin qarşılıqlı tanıdılması, dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də multikultural dəyərlərin təbliği baxımından mühüm platforma rolunu oynayıb.

.jpg)




