10 
Nybr
2026
16:22
71

Giga Parulava: “Seçki prosesinin tam inhisara alınmasına cəhd göstərilir”

“Seçki Məcəlləsinə” dəyişikliklər haqqında qanun layihəsi seçki prosesinin tam inhisara alınmasına, şəffaflığın aradan qaldırılmasına və Gürcüstan vətəndaşlarının konstitusion seçki hüququnun hüquqi baxımdan məhdudlaşdırılmasına cəhddir.

InterPress.ge xəbər verir ki, bu barədə “Gaxaria – Gürcüstan naminə” partiyasının deputatı Giga Parulava parlamentin plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkədə onsuz da ciddi siyasi böhran və seçkilərə qarşı dərin ictimai etimadsızlıq olduğu halda, hakim çoxluq etimadı bərpa etmək əvəzinə, Seçki Məcəlləsində hələ də qalan sonuncu nəzarət mexanizmlərini aradan qaldırmağı təklif edir.

Deputat bildirib ki, azad və ədalətli seçkilərin təmin edilməsi üçün yalnız səsvermə gününün texniki baxımdan düzgün təşkili deyil, bütün seçki prosesinin etibarlılığı, bərabər rəqabət mühiti, seçicilərin sərbəst iradəsi və pozuntulara effektiv hüquqi reaksiya da vacibdir.

Parulava qanun layihəsinin bir neçə əsas istiqamət üzrə ciddi problemlər yaratdığını bildirib.

Dairə seçki komissiyalarının yekun protokollarının ləğvi

Deputatın sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən, dairə seçki komissiyası institusional aralıq həlqə rolunu oynayır. Dairə üzrə yekun protokol məhkəməyə şikayət edilə bilən hüquqi aktdır və bir neçə seçki məntəqəsində baş vermiş pozuntuların ümumi şəkildə qiymətləndirilməsinə imkan verir.

Onun iddiasına görə, təklif olunan qanun layihəsi dairə səviyyəsində yekun protokolun tərtib edilməsi öhdəliyini tamamilə ləğv edir. Bu halda Mərkəzi Seçki Komissiyası 3 mindən çox məntəqə protokolu əsasında birbaşa yekun protokol hazırlayacaq.

Parulava hesab edir ki, dairə səviyyəsində yekunlaşdırma mexanizminin ləğvi və nəticələrin birbaşa MSK-da mərkəzləşdirilməsi genişmiqyaslı pozuntuların ayrı-ayrı məntəqələr üzrə parçalanmasına və onların sistemli şəkildə mübahisələndirilməsi imkanının aradan qalxmasına səbəb ola bilər.

Deputatın sözlərinə görə, “karusel” adlanan seçki saxtakarlıqları, seçicilərə təşkil olunmuş təzyiq, şəxsiyyət vəsiqələrinin alınması və ya seçicilərin ələ alınması kimi hallar adətən bir məntəqə ilə məhdudlaşmır, bütöv seçki dairəsini əhatə edir.

O bildirib ki, dairə üzrə yekun protokolun ləğvi nəticəsində tərəflər iki gün ərzində yüzlərlə və ya minlərlə seçki məntəqəsinin nəticələrindən ayrı-ayrılıqda şikayət vermək məcburiyyətində qala bilərlər ki, bu da praktiki və resurs baxımından mümkün deyil.

Parulava bu riski qanun layihəsinin 92-ci maddəsinin 4¹-ci bəndi ilə əlaqələndirib. Həmin bəndə əsasən, MSK-nın yekun protokolundan yalnız mexaniki rəqəm səhvləri ilə bağlı şikayət verilə biləcək.

MSK-nın yekun protokolundan şikayət imkanlarının məhdudlaşdırılması

Deputat qanun layihəsinin ən təhlükəli müddəalarından birinin 92-ci maddəyə təklif olunan dəyişiklik olduğunu bildirib.

Onun sözlərinə görə, hazırkı qanunvericilik məhkəməyə MSK-nın yekun protokoluna verilən şikayətə baxarkən seçicilərin iradəsinin sərbəst ifadə olunmasını, səsvermənin gizliliyinə dair təminatları və sistemli pozuntuların seçki nəticələrinə təsirini qiymətləndirmək səlahiyyəti verir.

Təklif olunan dəyişikliklərə əsasən isə MSK-nın yekun protokolundan yalnız iki halda şikayət verilə biləcək:

  1. Məntəqə protokollarındakı rəqəmlər MSK-nın yekun protokoluna səhv və ya natamam köçürüldükdə;

  2. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı protokolda səhv əks etdirildikdə.

Parulavanın bildirdiyinə görə, qanun layihəsi məhkəməyə mübahisə məntəqə üzrə yekun protokoldan MSK-nın yekun protokoluna məlumatların köçürülməsi zamanı baş vermiş mexaniki və ya hesabi səhvlərlə bağlı olmadıqda, iddianı icraata qəbul etməyi qadağan edir.

Deputat hesab edir ki, bu dəyişikliklə məhkəmə seçki nəticələrinin seçicilərin azad iradəsini əks etdirib-etdirmədiyini, pozuntuların nəticələrə ümumi təsirini, seçkilərin etibarsız sayılmasını və ya təkrar səsvermənin keçirilməsini qiymətləndirə bilməyəcək.

Onun sözlərinə görə, səsvermə sirrinin kütləvi şəkildə pozulması, seçicilərin kütləvi şəkildə ələ alınması və digər sistemli pozuntular baş verdiyi halda belə, məhkəmənin yekun protokola etiraz çərçivəsində həmin halları araşdırmaq imkanı məhdudlaşdırılacaq.

Parulava qanun layihəsi ilə üç mərhələli hüquqi məhdudiyyət yaradıldığını bildirib: pozuntuların məzmunu üzrə şikayətlər yalnız ayrı-ayrı seçki məntəqələri səviyyəsində mümkün olacaq, dairə komissiyalarının yekun protokolları ləğv ediləcək, MSK-nın yekun protokolundan şikayət isə yalnız məhdud texniki əsaslarla verilə biləcək.

Deputatın fikrincə, bu, vətəndaşların seçicilərə təzyiq, iradənin idarə olunması, səsvermə sirrinin pozulması və inzibati resurslardan istifadə kimi hallara görə hüquqi müdafiə imkanlarını məhdudlaşdırır.

O, həmçinin 2024-cü il seçkilərindən sonra baş vermiş hadisələri xatırladaraq bildirib ki, məhz səsvermə sirrinin pozulması əsası ilə Tetritskaro Məhkəməsi 30 seçki məntəqəsinin nəticələrini etibarsız saymışdı. Parulavanın iddiasına görə, hazırkı dəyişikliklərin məqsədi seçkilərin ədalətliliyini və azadlığını qiymətləndirən mexanizmləri mümkün qədər azaltmaqdır.

Beş seçki məntəqəsində məcburi təkrar sayımın ləğvi

Parulava bildirib ki, Seçki Məcəlləsinin qüvvədə olan redaksiyasına əsasən, hər bir dairə seçki komissiyası püşkatma yolu ilə beş seçki məntəqəsi müəyyən etməli, həmin məntəqələrdə bülletenləri və seçicilərin imzalarını tam şəkildə yenidən saymalıdır.

Onun sözlərinə görə, təsadüfi təkrar sayım proseduru seçki məntəqələrində mümkün manipulyasiyaların qarşısını alan çəkindirici mexanizm rolunu oynaya bilər. Deputat bu mexanizmin tamamilə ləğv edilməsinin əsaslandırılmadığını və seçki prosesinin şəffaflığına müsbət təsir göstərməyəcəyini bildirib.

Parulava 2024-cü il seçkilərindən sonra seçici siyahılarının yoxlanılmasını və saxtakarlıq hallarının araşdırılmasını tələb etdikləri zaman verifikasiya aparatlarının prokurorluq tərəfindən təcili möhürlənərək gizlədildiyini də iddia edib.

Müşahidəçi təşkilatların qeydiyyatı

Deputatın diqqət çəkdiyi digər dəyişiklik beynəlxalq və yerli müşahidəçi təşkilatların qeydiyyatı ilə bağlıdır.

Onun sözlərinə görə, qanun layihəsi müşahidəçi təşkilatların qeydiyyatı səlahiyyətini kollegial qurumlardan alaraq MSK və dairə seçki komissiyalarının sədrlərinə verir.

Parulava bildirib ki, dəyişikliklərə əsasən, MSK sədrinə qeydiyyat zamanı öz mülahizəsinə uyğun olaraq “əlavə məlumat” tələb etmək hüququ verilir. Deputat hesab edir ki, bu, kollegiallıq prinsipinin pozulmasına və obyektiv, tənqidi mövqedə olan müşahidəçi təşkilatların seçki prosesinə çıxışının məhdudlaşdırılmasına şərait yarada bilər.

“Burada məqsəd də aydındır: prosesdə mümkün qədər az həlqə qalsın və alternativsiz, tam təkhakimiyyətlilik təmin edilsin”, – deyə Giga Parulava çıxışında bildirib.

Bizimlə əlaqə saxlayın