01 
Iyl
2026
23:23
278

"Həqiqətən yazığım gəldi" – Əhməd İmamquliyev Daur İsmayılovla bağlı danışdı

Siyasətçi Əhməd İmamquliyev Marneuli meriyasında yeni müavin təyinatı ilə bağlı sosial şəbəkədə paylaşım edib.

InterPress.ge xəbər verir ki, İmamquliyev paylaşımında baş verənlərin yerli özünüidarəetmə sistemindəki problemləri göstərdiyini bildirib.

"Hər kəsdən xahiş edirəm, Marneulinin təyin olunmuş meri Daur İsmayılovu daha qınamayın. Bu gün həqiqətən çox üzüldüm, hətta yazığım da gəldi. Merin müavini təyin olunur, amma onun bundan xəbəri olmur", – deyə o yazıb.

Əhməd İmamquliyevin sözlərinə görə, yerli özünüidarəetmə seçkilərində merliyə namizəd və onun komandası, o cümlədən müavinləri əvvəlcədən məlum olmalıdır.

"Əslində yerli özünüidarəetmə seçkilərində merliyə namizəd və onun müavinləri öncədən bəlli olmalıdır. Mer öz komandası ilə birlikdə gəlməlidir. Marneuli meriyasında olduğu kimi hər ay yeni bir sürprizlə qarşılaşmamalıdır", – deyə siyasətçi qeyd edib.

O, baş verənlərə görə əsas məsuliyyətin seçkilərdə fəal iştirak etməyən seçicilərin üzərinə düşdüyünü bildirib.

"Fikrimcə, bunun əsas günahkarı seçkilərə getməyən insanlardır. Əgər seçicilərin 70-80 faizi səsvermədə iştirak etsəydi, nə siyasi partiyalar, nə də namizədlər seçicilərin taleyi ilə bu cür davranmaz, işlərinə daha məsuliyyətlə yanaşardılar. Amma insanlar 20-30 lariyə görə səs verəndə, yaxud tanımadıqları namizədlərə və ya illərdir boş vədlər verən partiyalara səs verəndə nəticə də belə olur", – deyə Əhməd İmamquliyev vurğulayıb.

Bizimlə əlaqə saxlayın