Kaxa Kaladze: “İrakli Qaribaşvilinin də, bütün məhbusların da təhlükəsizliyi və hüquqları qorunur”
Tbilisi meri Kaxa Kaladze həbsdə olan keçmiş baş nazir İrakli Qaribaşviliyə yeni ittiham irəli sürülməsi ilə bağlı açıqlama verib.
InterPress.ge xəbər verir ki, Kaladze Qaribaşvilinin son günlər yaydığı açıqlamaların, ehtimal ki, preventiv xarakter daşıdığını bildirib.
“Keçmiş komanda yoldaşınız haqqında danışmaq məcburiyyətində qalmaq çox təəssüf və xoşagəlməz haldır. Bir neçə gün əvvəl onun bir-birini təkzib edən açıqlamalarını gördük. Ehtimal ki, o, istintaqın apardığı müxtəlif məsələlər barədə məlumatlı olub və yəqin ki, preventiv xarakterli açıqlama verib.
Keçmiş siyasətçilər ümumiyyətlə bu üsuldan tez-tez istifadə edir və hüquqi məsələlərin siyasi müstəviyə keçirilməsi baş verir. Bu barədə danışmaq mənim üçün çox çətindir. O, bizim keçmiş komanda yoldaşımızdır. Yalnız bunu deyə bilərəm ki, ölkədə həm İrakli Qaribaşvilinin, həm də bütün məhbusların təhlükəsizliyi və hüquqları qorunur”, – deyə Kaladze bildirib.
Qeyd edək ki, Gürcüstanın həbsdə olan keçmiş baş naziri İrakli Qaribaşviliyə yeni ittiham irəli sürülüb. Baş Prokurorluqda keçirilən brifinqdə bildirilib ki, iş korrupsiya cinayəti, konkret olaraq xüsusilə külli miqdarda rüşvət alınması ilə bağlıdır.
Prokurorluğun məlumatına görə, Qaribaşvilinin rüşvət alması ilə bağlı istintaqa məlumatı keçmiş müdafiə naziri Cuanşer Burçuladzenin qohumu, məhkum Vasil Mxeidze təqdim edib. Həmçinin Cuanşer Burçuladzenin də istintaqla əməkdaşlıq etdiyi bildirilib. İş 2022-ci ildə Müdafiə Nazirliyi üçün tibbi avadanlıq və inventarın alınması məqsədilə keçirilmiş üç məxfi satınalma ilə bağlıdır.
Bundan əvvəl İrakli Qaribaşvili sosial şəbəkədə paylaşdığı açıqlamada hakim partiyanı ona qarşı “çirkli təxribat” təşkil etməkdə və “tələ qurmaqda” ittiham edib.
Qaribaşvili həmçinin bildirib ki, həbsdə olduğu müddətdə ondan korrupsiya ittihamını etiraf etməsi tələb olunub və bunun siyasi fəaliyyətə qayıtması ilə bağlı “1 faizlik riskin” aradan qaldırılması məqsədi daşıdığını iddia edib.
O, həmçinin ailəsinə qarşı təzyiq göstərildiyini və atasının saxlanılması ilə bağlı ona eyhamlar vurulduğunu bildirib. Qaribaşvili qeyd edib ki, heç kimə qarşı mübarizə aparmır və yalnız özünü və ailəsini müdafiə edir.


