10 
Okt
2026
11:19
106

13 500 dollar dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb

“Gürcüstan Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin Kutaisi Şəhər İdarəsinin əməkdaşları külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, istintaqla müəyyən edilib ki, şübhəli şəxs vətəndaşı Tbilisidə konkret ünvanda yaşayış binasının tikildiyinə inandırıb. O, zərərçəkmişlə 80 kvadratmetr sahəsi olan mənzilin 96 000 ABŞ dollarına alqı-satqısı barədə müqavilə bağlayıb. Müqaviləyə əsasən, vətəndaş şübhəli şəxsin göstərdiyi bank hesablarına pulun bir hissəsini mərhələli şəkildə köçürüb.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, araşdırma zamanı müqavilədə göstərilən ünvanda yaşayış binasının tikilmədiyi və şübhəli şəxsin zərərçəkmişin köçürdüyü vəsaiti dələduzluq yolu ilə mənimsədiyi müəyyən edilib. Nəticədə vətəndaşa 13 500 ABŞ dolları məbləğində maddi ziyan dəyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat və istintaq tədbirləri nəticəsində şəxsi məhkəmənin qərarı əsasında saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın