09 
Okt
2026
09:46
113

Gürcüstanda gələn il tikintisinə başlanacaq 5 avtomobil yolu layihəsi

2027-ci ildə Gürcüstanda yol infrastrukturunun yaxşılaşdırılması üçün 1,332 milyard lariyə yaxın vəsait ayrılması nəzərdə tutulur. Bunun 723 milyon larisi sürətli avtomobil magistrallarının tikintisinə yönəldiləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hazırladığı 2027-ci il dövlət büdcəsi layihəsinin ilkin variantında qeyd olunub.

Büdcə layihəsinə əsasən, gələn il bir sıra iri yol infrastrukturu layihələrinin tikintisi, eləcə də davam edən layihələrin yenidən qurulması və bərpası nəzərdə tutulur. Sənəddə tikintisinə 2027-ci ildə başlanması planlaşdırılan beş layihə də göstərilib.

Həmin layihələr aşağıdakılardır:

- Tbilisi dairəvi yolunun tikintisi – 210 milyon lari ayrılması nəzərdə tutulur;

- Msxeta-Stefantsminda-Lars avtomobil yolunun Tsitsamuri-Jinvali hissəsinin tikintisi – 50 milyon lari;

- Tbilisi-Rustavi yolunun II hissəsinin tikintisi – 50 milyon lari;

- Rustavi-Qırmızı Körpü və Algeti-Sadaxlı yollarının tikintisi – 105,5 milyon lari;

- Anaklia limanına aparan yolun tikintisi – 30 milyon lari.

Bundan əlavə, 2027-ci ildə avtomobil yollarının dövri təmiri və bərpası üçün 400 milyon lari ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, 2027-ci il dövlət büdcəsi layihəsi hazırda ilkin variantdadır. Sənədin yekun təsdiqinə qədər ona dəyişikliklər və düzəlişlər edilə bilər.

Bizimlə əlaqə saxlayın