Gürcüstan parlamenti hökumətin təşəbbüsünü üçüncü oxunuşda dəstəkləyib. Dəyişikliyə əsasən, Ticarət-Sənaye Palatasının fəaliyyətinə dövlət nəzarətini Baş nazir əvəzinə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi həyata keçirəcək.
InterPress.ge xəbər verir ki, müvafiq dəyişiklik “Ticarət-Sənaye Palatası haqqında” qanuna edilib. Layihə üçüncü oxunuşda 72 səslə yekdilliklə qəbul olunub.
Qanunun hazırda qüvvədə olan redaksiyasına əsasən, Ticarət-Sənaye Palatasının fəaliyyətinə dövlət nəzarəti Baş nazirin səlahiyyətindədir.
Hökumətin izahına görə, dəyişikliklər Ticarət-Sənaye Palatasının səmərəli fəaliyyətini təmin edəcək, ölkənin xarici ticarət potensialının effektiv şəkildə artırılmasına, iqtisadiyyatın inkişafına və sahibkarların dəstəklənməsinə töhfə verəcək.
Təşəbbüsün müzakirəsi zamanı hökumətin parlament katibi Vaxtanq Baçiaşvilinin bildirdiyinə görə, Ticarət-Sənaye Palatasının funksiyaları daha çox İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin fəaliyyəti, xüsusilə də xarici ticarət sahəsində siyasətin həyata keçirilməsi ilə əlaqəlidir.
Onun sözlərinə görə, dövlət nəzarətinin müvafiq nazirlik tərəfindən həyata keçirilməsi düzgün yanaşmadır.
