17 
Mar
2021
23:55
2600

"Komendant saatı"nın Novruz bayramı günü ləğv edilməsi ilə əlaqədar QHT-ları bəyanat yayır

11 mart tarixində Gürcüstanda azərbaycanlıların rəhbərlik etdiyi 10 Qeyri hökumət təşkilatı (QHT) və ictimai fəallar Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə, 21 mart Novruz bayramı günü bir günlük "Komendant saatı"nın ləğv edilməsi ilə bağlı müraciət ünvanlanmışdı. 16 mart tarixində Hökumət Administrasiyası həmin müraciəti Dini İşlər üzrə Dövlət Agentliyinə istiqamətləndirərək nəzərdən keçirilməsini xahiş edib.

InterPress.ge xəbər verir ki, hökumət Administrasiyasının bu istiqamətləndirməsi isə QHT-ları tərəfindən bir mənalı qarşılanmayıb.

Azərbaycanlı icmasının QHT-nın bəyanatını olduğu kimi təqdim edirik:

"11 mart tarixində Gürcüstanın azərbaycanlı icması olaraq Qeyri-Hökumət təşkilatları (QHT) və ictimai fəallar Gürcüstanın baş naziri cənab İrakli Qaribaşviliyə 21 mart Novruz bayramı günü bir günlük hərəkət məhdudiyyətinin ləğv edilməsi ilə əlaqədar müraciət ünvanlamışdıq. 16 mart tarixində isə sözügedən müraciəti Hökumət Administrasiyası Dini İşlər üzrə Dövlət Agentliyinə istiqamətləndirərək nəzərdən keçirilməsini xahiş edib.

Biz QHT rəhbərləri və ictimai fəallar tarixi eramızdan əvvəllərə gedib çıxan və bütün dünya azərbaycanlılarının milli bayram kimi qeyd etdiyi Novruz bayramı ilə əlaqədar müraciətimizin Dini İşlər üzrə Dövlət Agentliyinə istiqamətləndirilməsinin yalnış olduğunu bəyan edirik. Novruz bayramının hər hansı bir dinə, o cümlədən İslam dininə heç bir aidiyyatı yoxdur. Bundan əlavə bilirik ki, Gürcüstanda pandemiya ilə əlaqədar bütün məhdudiyyətləri və qərarları Baş nazirin rəhbərliyi altında qurulmuş İdarələrarası Koordinasiya Şurası verir.

Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı QHT və ictimai fəallar 21 mart Novruz bayramı günü hərəkət məhdudiyyətinin bir günlük ləğv edilməsi ilə əlaqədar bu istiqamətləndirmənin yalnış olduğunu bir daha bəyan etməklə bərabər, bu müraciətin cənab baş nazir İrakli Qaribaşvili, Hökumət Administrasiyası habelə İdarələrarası Koordinasiya Şurasının öz üzərinə götürməsini xahiş edirik.

Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, Novruz bayramının özünə xas xüsusi adətləri var hansı ki, din ilə əlaqəsi yoxdur. Novruz bayramının ən əsas adətləri axşam saatlarında tonqal qalamaq, şirniyyat üçün qonşuların qapısına uşaqların papaq atması, müsbət xəbərləri dinləmək və bölüşmək, küslüləri barışdırmaq, qırmızı rəngə boyanmış yumurtaları toqqaşdırmaq və s. Bütün bunlar isə axşam saatlarında həyata keçirilir. Bundan əlavə hesab edirik ki, xalqları biri birinə bağlayan və yaxınlaşdıran onların mədəniyyətidir. Diqqətə çatdıraq ki, Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına dini bayram olaraq daxil edilməyib.

Gürcüstanda Novruzun qeyd edilməsi ənənəsi əsrlərdən başlayır. Bunu parlaq gürcü poeması “Pələng dərisi geyinmiş pəhləvan” sübut edir. Novruz bayramı günü mövcud pandemiya ilə əlaqədar 21:00-dən 05:00-ə qədər hərəkət məhdudiyyətinin 21 mart bir günlük ləğv edilməsini bir daha xahiş edirik. Bunuda qeyd edək ki, Novruz bayramı etnik qrupların dostluğunun möhkəmlənməsində, mədəni və sosial əlaqələrin güclənməsində mühüm rol oynayır".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər