Tbilisidə külli miqdarda metadonla bağlı iki xarici ölkə vətəndaşı saxlanılıb
Tbilisidə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına kömək etmək ittihamı ilə iki xarici ölkə vətəndaşı saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi və İsani-Samqori Baş İdarələrinin əməkdaşları tərəfindən keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində şübhəlilər müxtəlif vaxtlarda saxlanılıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq tədbirləri, o cümlədən saxlanılan şəxslərin şəxsi axtarışı zamanı satış məqsədilə qablaşdırılmış külli miqdarda narkotik vasitə – 43 bağlama metadon aşkar edərək maddi sübut kimi götürüblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı kvart maddələri ilə istintaq aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


