Fitch Ratings Gürcüstanın kredit reytinqinin proqnozunu “pozitiv”ə yüksəldib
Beynəlxalq kredit-reytinq agentliyi Fitch Ratings Gürcüstanın suveren kredit reytinqinin proqnozunu “stabil”dən “pozitiv”ə dəyişib. Bununla yanaşı, ölkənin reytinqi əvvəlki kimi “BB” səviyyəsində saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Fitch Ratings 2026-cı il oktyabrın 30-da Gürcüstanın suveren reytinqini qiymətləndirərək müxtəlif amilləri nəzərə alıb. Agentliyin qiymətləndirmə sənədində Gürcüstanın iqtisadi və fiskal dayanıqlılığını qoruduğu qeyd olunur.
Məlumata görə, reytinq proqnozunun “pozitiv”ə dəyişdirilməsi beynəlxalq ehtiyatların sürətlə artması, cari hesab kəsirinin aşağı olması və yüksək iqtisadi artımla əlaqələndirilir. Gürcüstanın reytinqini həyata keçirilən ehtiyatlı fiskal siyasət, hökumətin orta səviyyəli borcu və sabit bank sistemi də gücləndirir.
Fitch Ratings geosiyasi risklərin və enerji qiymətlərinin yüksək olmasına baxmayaraq, ölkənin investisiyalar və ixracın artımı hesabına güclü iqtisadi artımını qoruduğunu vurğulayır.
Agentliyin məlumatına əsasən, 2023–2025-ci illərdə Gürcüstanın orta iqtisadi artımı 8 faizi ötüb. Fitch Ratings orta müddətli perspektivdə də ölkənin real iqtisadi artımının eyni reytinq kateqoriyasına daxil olan dövlətlərin göstəricilərindən yüksək olacağını gözləyir.
Qiymətləndirmədə, həmçinin Gürcüstanın fiskal siyasət çərçivəsinin ehtiyatlı və şəffaf olduğu bildirilir. Agentlik makroiqtisadi sabitliyə və biznes mühitinin yaxşılaşmasına töhfə verən struktur islahatlarını da qeyd edir.
Bundan əlavə, büdcə kəsirinin ÜDM-ə nisbətinin fiskal qaydalarla müəyyən edilmiş həddən xeyli aşağı olduğu, dövlət borcunun ÜDM-ə nisbətinin azalma tendensiyası nümayiş etdirdiyi vurğulanır. Xarici borcun isə əsasən beynəlxalq maliyyə institutlarından alınan güzəştli kreditlərdən ibarət olduğu bildirilir.


