Pentaqon Baltikyanı ölkələrdən Rusiyaya qarşı sərt bəyanatlardan çəkinməyi tövsiyə edib – Reuters
Pentaqon Baltikyanı ölkələrə Rusiyaya münasibətdə sərt bəyanatlardan çəkinməyi və ritorikanı yumşaltmağı tövsiyə edib.
InterPress.ge xəbər verir ki, bu barədə “Reuters” agentliyi anonim mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, son həftələr ərzində Pentaqon nümayəndələri NATO-nun bir sıra üzv ölkələrini Rusiyadan qaynaqlanan təhlükələrlə bağlı ritorikanı yumşaltmağa çağırıblar. ABŞ rəsmilərinin izahına görə, Avropa liderləri və vəzifəli şəxslərin bəzi bəyanatları qitənin təhlükəsizliyinə təhdid yaradır.
Reuters-in mənbələri bildirirlər ki, ictimai bəyanatlarda təmkinli olmağa dair çağırışlar Litva, Latviya və Estoniyaya ünvanlanıb. Avropanın digər ölkələrinin hökumətlərinə də oxşar mesajların verilib-verilmədiyi məlum deyil.
Mənbələrin məlumatına görə, bu mesajı çatdıran şəxslərdən biri ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi olub. O, Avropadakı Amerika hərbi kontingentinin sayına yenidən baxılması prosesində əsas fiqurlardan biridir.
Mənbələrdən birinin sözlərinə görə, Kolbi bu yaxınlarda Baltikyanı ölkələrdən birinin nümayəndəsinə rusları təxribata çəkməyin lazım olmadığını bildirib. O, Avropa liderlərinin Rusiyanın “küncə sıxışdırıldığı” barədə ictimai bəyanatlarını nümunə göstərib.
Mənbələrdən birinin bildirdiyinə görə, ABŞ rəsmilərinin diqqətini Avropa liderlərinin Rusiyanın çıxılmaz vəziyyətə düşdüyü və getdikcə daha ümidsiz addımlar atdığı barədə açıqlamaları cəlb edib.
Digər mənbənin məlumatına əsasən, ayrıca keçirilən görüşdə Pentaqon Estoniya nümayəndə heyətini bəyanatlarında “təmkinli olmağa” çağırıb. Avropalı rəsminin sözlərinə görə, Pentaqonun tövsiyələri dostyana tonda səsləndirilib, lakin bu cür çağırışlar təəccüb doğurub.


