30 
Okt
2026
13:22
61

Kobaxidze: Cənubi Qafqaz ölkələri arasında sülh və sabitliyin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır

“Regionda baş verən geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqaz ölkələri arasında sülh və sabitliyin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan regionda dinc yanaşı yaşamağın və dialoqun hər zaman qətiyyətli tərəfdarı olub”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında çıxışı zamanı bildirib.

İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstan və Azərbaycanı çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir.

“Azərbaycan Respublikasının nümayəndə heyətini Gürcüstanda qəbul etməkdən və həmsədr qismində Gürcüstan və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasını açmaqdan məmnunam.

Gürcüstan və Azərbaycanı çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Xalqlarımız əsrlər boyu bir-birinin yanında yaşayıb, qarşılıqlı şəkildə ənənələrə və milli maraqlara hörmət edib. Məhz bu qarşılıqlı hörmət tərəfdaşlığımızın möhkəm təməli olub və olaraq qalır.

Strateji tərəfdaşlığımız ən yüksək səviyyədə müntəzəm siyasi dialoqla müşayiət olunur. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana son səfərini xüsusi qeyd etmək istərdim. Bu səfər münasibətlərin inkişaf etdirilməsi və daha da dərinləşdirilməsi istiqamətində qarşılıqlı marağı bir daha təsdiqlədi.

Bu gün regionda baş verən geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqaz ölkələri arasında sülh və sabitliyin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan regionda dinc yanaşı yaşamağın və dialoqun hər zaman qətiyyətli tərəfdarı olub.

Buna görə də qonşu ölkələrimiz arasında başlanmış sülh prosesini alqışlayır və ümid edirik ki, bu proses regionda uzunmüddətli sülhün bərqərar olmasına və iqtisadi inkişafına zəmin yaradacaq”, – deyə İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın