26 
Sen
2026
17:11
89

Marneulidə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Əbədi Yaşayanlar” tədbiri keçirilib

Bu gün Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşəbbüsü və təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Əbədi Yaşayanlar” adlı anım tədbiri keçirilib.

InterPress.ge xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin hərbi attaşesi polkovnik Arzu Həsənov və səfirlik əməkdaşları, Türkiyənin Gürcüstandakı səfirliyinin müşaviri Oğuz Akın və səfirliyin hərbi attaşe aparatının rəhbərliyi, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və müftisi Hacı Faiq Nəbiyev və Hacı Etibar Eminov, QMİ-nin Gürcüstandakı nümayəndəsi Məhəmməd Şamilov, TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Salih Özer, “MAARİF” məktəblərinin nümayəndəsi Ali Yetgin, Marneuli Bələdiyyə Məclisinin üzvləri, şəhid ailələrinin nümayəndələri və bölgə ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov bildirib ki, 27 Sentyabr – Anım Günü şəhidlərin xatirəsinə ehtiram göstərilməsi, onların həyat yolu və qəhrəmanlığının gənc nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. O, “Əbədi Yaşayanlar” tədbirinin əsas məqsədinin şəhidlərin xatirəsini yaşatmaq və onların göstərdiyi fədakarlığı gənclərə aşılamaq olduğunu vurğulayıb.

İmanov qeyd edib ki, Azərbaycanın Vətən oğullarının fədakarlığı və qəhrəmanlığı nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa olunub. Onun sözlərinə görə, illər ərzində doğma yurd-yuvalarından didərgin düşmüş təxminən bir milyon azərbaycanlı öz doğma torpaqlarına qayıtmaq imkanı əldə edib.

İmanov, həmçinin Gürcüstan ərazilərinin təxminən 20 faizinin işğal altında olduğunu xatırladaraq, Abxaziya və Samaçablonun da yaxın gələcəkdə işğaldan azad olunacağına və məcburi köçkünlərin doğma yurdlarına qayıdacağına inandığını bildirib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında şəhidlərin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib. Səfir qeyd edib ki, “şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq dövlətimizin tarixində xüsusi yer tutur”. O, Azərbaycan-Gürcüstan dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini də vurğulayıb.

Faiq Quliyev bildirib ki, Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də Gürcüstan əsilli azərbaycanlılar Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak ediblər. Onun sözlərinə görə, hər iki müharibə dövründə Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycana göstərdiyi mənəvi dəstək xüsusi əhəmiyyət daşıyıb.

Diplomat qeyd edib ki, Gürcüstan əsilli şəhidlərin əziz xatirəsi yad edilərkən böyük kədər hissi ilə yanaşı, onların göstərdiyi qəhrəmanlıq və fədakarlıqla bağlı qürur hissi də yaşanır.

Türkiyənin Gürcüstandakı səfirliyinin müşaviri Oğuz Akın çıxışında şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinin vacibliyini qeyd edib. O, Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərinə toxunaraq, “şəhidlərin əziz xatirəsi daim yaşayacaq” fikrini ifadə edib.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev və müfti Hacı Etibar Eminov çıxışlarında şəhid ailələrinə mənəvi dəstək göstərilməsinin və onların xatirəsinin yaşadılmasının mühüm əhəmiyyət daşıdığını bildiriblər. Çıxışlar zamanı şəhidlərin ruhuna dualar oxunub.

TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Salih Özer də tədbirdə çıxış edərək şəhid ailələrinə başsağlığı verib və şəhidlərin xatirəsinə ehtiramını ifadə edib. O, Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlıq bağlarının əhəmiyyətindən danışıb.

Tədbirdə şəhid Orxan Məhərrəmovun nənəsi Nazan Məhərrəmova, həmçinin şəhid Bilal Qəmbərovun bibisi Qiyafət Qəmbərova və dayısı İman Tanrıverdiyev çıxış edərək şəhidlərin həyat və döyüş yolundan, onların xatirələrinin ailələri və yaxınları üçün əhəmiyyətindən söz açıblar.

Anım tədbirinin bədii hissəsində GAİM-in müəllimləri Xəyalə Mustafayeva və Səyalı İsmayılovanın rəhbərliyi ilə məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib və “Əbədi Yaşayanlar” adlı tamaşa nümayiş etdirilib.

Tədbirin sonunda şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açılıb və onların ruhuna dualar oxunub.

Bizimlə əlaqə saxlayın