“Beynəlxalq Şəffaflıq – Gürcüstan”: Mixeil Saakaşvili siyasi məhbus hesab edilir
Qeyri-hökumət təşkilatı “Beynəlxalq Şəffaflıq – Gürcüstan” siyasi motivli işləri araşdırmağa davam etdiyini bildirərək, Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilini siyasi məhbus kimi qiymətləndirib.
InterPress.ge xəbər verir ki, təşkilatın Saakaşvili ilə bağlı məhkumluq və ittiham işlərinin hüquqi təhlilində sabiq prezidentin siyasi məhbus olduğu qeyd edilib. Təşkilat hesab edir ki, Saakaşviliyə qarşı aparılan cinayət təqibi və çıxarılan hökmlər, xüsusilə “Pencək işi” üzrə hökm, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 1900 (2012) saylı qətnaməsində müəyyən edilmiş siyasi məhbusluq meyarlarından bir neçəsinə cavab verir.
“Beynəlxalq Şəffaflıq – Gürcüstan”ın mövqeyinə görə, işlərin məcmusu və cəzaların birləşdirilməsi prinsipi əsasında həbs müddətinin 12 il 6 ay müəyyənləşdirilməsi, hazırda davam edən işlər fonunda bu müddətin daha da arta bilməsi, hakimiyyətin dominant və gizli siyasi məqsədinin olduğunu göstərir.
“Daimi cinayət təqibinin aparılması və bu qədər uzunmüddətli həbs cəzasının tətbiq edilməsi ədalətin bərpası məqsədlərindən kənara çıxır və ölkənin sabiq prezidentinin, eləcə də əsas müxalifət liderinin bir neçə seçki dövrü ərzində uzun müddət təcrid olunmasına xidmət edir.
Bu hallar İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı, 7-ci və 18-ci maddələrini pozur. Bu isə 1900 (2012) saylı qətnamənin “a”, “c”, “d” və “e” meyarları baxımından Mixeil Saakaşvilinin siyasi məhbus hesab edilməsi üçün tam hüquqi əsas yaradır.
Buna görə də Mixeil Saakaşvilinin adı təşkilatımız tərəfindən hazırlanmış siyasi məhbuslar siyahısına daxil ediləcək”, – deyə “Beynəlxalq Şəffaflıq – Gürcüstan”ın dərc etdiyi hüquqi təhlildə qeyd olunub.


