23 
Avq
2026
14:21
85

Köçəri quşların ov mövsümünün ilk 24 saatında 73 qanun pozuntusu aşkarlanıb

Gürcüstanda köçəri quşların ovlanması mövsümünün başlamasından sonrakı ilk 24 saat ərzində ölkə üzrə 73 qanun pozuntusu aşkarlanıb.

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamenti yayıb.

Məlumata görə, aşkar edilən qanun pozuntularından 18-i qadağan olunmuş silah, üsul və ya vasitələrdən istifadə etməklə ovlanma, 7-si isə köçəri quşların ovlanmasına görə müəyyən edilmiş rüsumun ödənilməməsi ilə bağlı olub.

Bundan əlavə, 10 halda qanun pozucularının ovlanması qadağan edilən ərazilərdə, o cümlədən şəhər ərazisində ov etdikləri müəyyənləşdirilib.

Ov mövsümünün başlanmasından sonrakı ilk 24 saat ərzində departament əməkdaşları tərəfindən ümumilikdə 45 qanunsuz vasitə götürülüb. Onların arasında quşları cəlb etmək üçün istifadə olunan səs cihazları – “manok”lar da var.

Ətraf Mühitə Nəzarət Departamenti bildirir ki, köçəri quşların ovlanması mövsümü ərzində ölkə üzrə nəzarət tədbirləri daha da gücləndiriləcək.

Qeyd olunub ki, brakonyerliyə qarşı mübarizə çərçivəsində yüksək keçid qabiliyyətinə malik avtomobillər, o cümlədən xüsusi “buggy”lər, dronlar, fototələlər və termal durbinlərdən istifadə olunur.

Qurumun məlumatına görə, müasir texnologiyaların tətbiqi və departamentin imkanlarının genişləndirilməsi nəticəsində ətraf mühitə dövlət nəzarətinin effektivliyi artırılıb.

Ətraf Mühitə Nəzarət Departamenti vətəndaşları ov qaydalarına riayət etməyə çağırıb.

Qanun pozuntusu ilə qarşılaşan şəxslərdən isə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin 153 qaynar xəttinə müraciət etmələri xahiş olunur. Zəng pulsuzdur, əlavə indeks tələb olunmur və müraciət edən şəxsin anonimliyi qorunur.

Bizimlə əlaqə saxlayın