22 
Avq
2026
22:20
160

Tbilisidə “Birinci Türkoloji Qurultay – 100 il: Tarixdən gələcəyə” adlı tədbir keçirilib

22 avqust tarixində Azərbaycanda fəaliyyət göstərən Nəriman Nərimanovun Xatirə Muzeyinin təşəbbüsü və “Maarif” təşkilatının təşkilatçılığı ilə Tbilisi şəhərində, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultay – 100 il: Tarixdən gələcəyə” adlı tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, tədbiri muzeyin rəhbəri Leyla Əliyeva açaraq iştirakçıları salamlayıb və tədbirə xeyir-dua verib.

“Maarif” təşkilatının rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva çıxışında Birinci Türkoloji Qurultayın 100 illiyinin Tbilisidə qeyd olunmasının xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Gürcüstanın da 1926-cı ildə keçirilmiş qurultayda 6 nəfərlik nümayəndə heyəti ilə təmsil olunduğunu xatırladaraq, türkoloji irsin Gürcüstanda yaşayan azərbaycanlılar üçün də mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Aygül İsayeva həmçinin ana dilinin qorunması, Azərbaycan dilində təhsilin və milli-mədəni irsin yaşadılmasının vacibliyini qeyd edib.

Daha sonra Türkiyə Respublikasının Tbilisidəki səfirliyinin Təhsil müşaviri Yüksel Kara çıxış edərək Birinci Türkoloji Qurultayın türk dünyasının elmi və mədəni həyatındakı rolundan danışıb.

Nəriman Nərimanovun Xatirə Muzeyinin direktoru Ləman Hüseynova çıxışında Nəriman Nərimanovun Azərbaycan tarixindəki xidmətlərindən bəhs edib.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri – Səbinə Məmmədova, Tomris Hacıyeva, Vəfa Allahverdiyeva və Leyla Məmmədova da çıxış edərək tədbirin əhəmiyyəti, mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyi barədə fikirlərini bölüşüblər.

Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin tarix müəllimi Qənirə Mirzəxanlı, eləcə də Gürcüstandan olan filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti və türkoloji düşüncənin inkişafı barədə çıxış ediblər.

Tədbirdə Gürcüstanda yaşayan azərbaycanlı ziyalılar və müəllimlər də fəal iştirak ediblər. Sevda Şahverdiyeva, Növrəstə Məhərrəm və Fatma Əliyeva çıxışlarında ana dilinin qorunması və milli-mədəni irsin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıblar.

Gürcüstan parlamentinin keçmiş deputatı Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsak Novruzov, “Qarapapaq” dərgisinin redaktoru Akif Xansultanlı və digər ziyalılar da tədbirdə çıxış edərək yubileyin Tbilisidə qeyd olunmasını yüksək qiymətləndiriblər.

Çıxışlarda Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq elmi və mədəni irsində mühüm yer tutduğu, onun 100 illiyinin Tbilisidə qeyd edilməsinin isə Azərbaycan və Gürcüstan arasında elmi-mədəni əlaqələrin inkişafı baxımından əhəmiyyət daşıdığı vurğulanıb.

Tədbir iştirakçıların fikir mübadiləsi və türkoloji irsin gələcək nəsillərə çatdırılması istiqamətində müzakirələri ilə davam edib.

 

Bizimlə əlaqə saxlayın