Bankın kompüter sisteminə qanunsuz müdaxilə edərək 374 715 lari zərər vuran 2 nəfər saxlanılıb
Bankın kompüter sisteminin fəaliyyətinə qrup halında, icazəsiz müdaxilə edərək maliyyə qurumuna 374 715 lari məbləğində zərər vurmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan kompleks istintaq tədbirləri nəticəsində iki nəfər kompüter sisteminin fəaliyyətinə qrup halında, maliyyə qazancı əldə etmək məqsədilə qanunsuz müdaxilə ittihamı ilə saxlanılıb.
DİN-in məlumatına görə, istintaq nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər banklardan birinin kompüter sisteminə icazəsiz müdaxilə etməklə külli miqdarda maliyyə qazancı əldə etməyi planlaşdırıblar.
İttihama görə, onlar hazırladıqları cinayət planını həyata keçirərək bankın kompüter sisteminin fəaliyyətinə qrup halında və icazəsiz müdaxilə ediblər. Nəticədə banka 374 715 lari məbləğində maliyyə zərəri dəyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsləri hakim qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 286¹ maddəsi ilə araşdırma aparılır. Sözügedən cinayət 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.


