21 
Avq
2026
13:24
92

Tbilisidə İranın mərhum dini lideri ilə bağlı 40 mərasim keçirilib

Tbilisidə İran İslam Respublikasının mərhum lideri Ayətullah Xameneinin 40 mərasimi ilə bağlı tədbir keçirilib. Tədbirdə Gürcüstanda yaşayan azərbaycanlı şiələr də iştirak ediblər.

InterPress.ge xəbər verir ki, mərasimdə çıxış edən natiq şiə mədəniyyətində “Ərbəin” ənənəsinin mahiyyəti, İmam Hüseynin irsi və tarixi hadisələrin xalqlar arasındakı münasibətlərə təsiri barədə danışıb.

Çıxışda qeyd olunub ki, Ərbəin yalnız Kərbəla şəhidlərinin dəfnindən 40 gün keçməsini ifadə etmir. Bu ənənə İmam Hüseynin ideallarını xatırlamaq və həmin dəyərlərə sədaqəti yeniləmək məqsədi daşıyır.

Natiq bildirib ki, şiə ənənəsinə əsasən, şəhidin ölümündən və dəfnindən 40 gün sonra insanlar onun xatirəsini yaşatmaq və ideallarına bağlılıqlarını nümayiş etdirmək üçün bir araya gəlirlər.

Çıxış zamanı İmam Hüseynin mesajının din, məzhəb və etnik mənsubiyyət sərhədlərini aşdığı vurğulanıb. Bildirilib ki, bu mesaj insanları azadlıq, mərdlik və insanlıq prinsiplərinə əsaslanan həyat tərzinə çağırır.

Tədbirdə Gürcüstanın azərbaycanlı şiələrinin Tbilisidə bir araya gəlməsinin də bu baxışın nümunəsi olduğu qeyd olunub.

Çıxışda həmçinin xalqların tarixinin yalnız müsbət və ya yalnız mənfi hadisələrdən ibarət olmadığı bildirilib. Natiqin sözlərinə görə, hər bir xalqın tarixində həm qürurverici, həm də acı səhifələr mövcuddur və tarixi məqamlarda insanların və liderlərin davranışları xüsusi əhəmiyyət daşıyır.

Bu kontekstdə 2017-ci ilin avqustunda Gürcüstanda baş verən genişmiqyaslı meşə yanğınlarına toxunulub. Bildirilib ki, həmin dövrdə İranın mərhum dini lideri Ayətullah Xameneinin göstərişi ilə yanğının söndürülməsinə və Gürcüstanın təbii sərvətlərinin qorunmasına kömək məqsədilə bir neçə helikopterin göndərilməsi təşəbbüsü irəli sürülüb.

Çıxışda müasir dünyada müxtəlif dəyərlərin və davranışların daha aydın şəkildə üzə çıxdığı vurğulanaraq, Ərbəin mərasiminin yalnız siyasi və ya dini şəxsiyyətin xatırlanması olmadığını bildirilib.

“Ərbəin – unutmamaq deməkdir”, – deyə çıxışda vurğulanıb.

Mərasimdə həmçinin Azərbaycan Respublikasının Gürcüstandakı səfiri, diplomatik korpusun nümayəndələri və digər diplomatik nümayəndəliklərin tədbirdə iştirakına görə təşəkkür ifadə olunub.

Bizimlə əlaqə saxlayın