20 
Avq
2026
17:00
274

Marneuli merinin qardaşı Kənan İsmayılovla bağlı məhkəmə qərar qəbul edib

Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə onun 7 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

InterPress.ge xəbər verir ki, iyulun 19-da Bolnisi Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında hakim prokurorluğun vəsatətini təmin edərək Kənan İsmayılov barəsində 7 aylıq həbs cəzası təyin edib.

Məhkəmənin qərarına əsasən, həbs müddəti onun 7 aprel tarixində saxlanıldığı gündən hesablanacaq. Bundan əlavə, cinayət işində iştirak edən daha üç nəfər barəsində 2 il müddətinə şərti cəza hökmü çıxarılıb.

Xatırladaq ki, Kənan İsmayılov daha əvvəl Marneuli–Bolnisi yolunda bir vətəndaşa qarşı qrup halında fiziki zorakılıq göstərmək ittihamı ilə saxlanılmışdı.

İsmayılovun saxlanılması faktını Gürcüstan Daxili İşlər Nazirliyi təsdiqləmişdi. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin zorakılığı nəzərdə tutan 126-cı maddəsi ilə aparılırdı. Sözügedən maddə üzrə 1 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdu.

Əvvəlki məlumatlara görə, Kənan İsmayılov bir qrup şəxslə birlikdə Marneuli–Bolnisi yolunda vətəndaşın qarşısını maskalı şəkildə kəsərək ona fiziki zorakılıq tətbiq etməkdə ittiham olunurdu.

Məlumata əsasən, zərərçəkmiş şəxsin özünə məxsus çörəkbişirmə müəssisəsi var. Onun çörəyin qiymətinin artırılması ilə bağlı razılaşmadığı bildirilirdi.

Qeyd edək ki, Marneulidə çörək bazarında ən böyük payın mer ailəsinə məxsus olduğu barədə məlumatlar yayılmışdı.

Bizimlə əlaqə saxlayın