DİN: Lars sərhəd-keçid məntəqəsindən son 24 saatda 20 min Rusiya vətəndaşı Gürcüstana daxil olmayıb
Gürcüstan Daxili İşlər Nazirliyi son 24 saat ərzində Lars gömrük-keçid məntəqəsindən 20 min Rusiya vətəndaşının Gürcüstan ərazisinə daxil olması barədə yayılan məlumatı təkzib edib.
InterPress.ge xəbər verir ki, nazirliyin məlumatına görə, son 24 saat ərzində Lars gömrük-keçid məntəqəsi vasitəsilə müxtəlif ölkələrin ümumilikdə 7 880 vətəndaşı Gürcüstan sərhədini keçərək ölkəyə daxil olub.
Nazirlikdən bildirilib ki, müxtəlif media vasitələrində və sosial şəbəkələrdə son 24 saat ərzində Lars keçid məntəqəsindən 20 min Rusiya vətəndaşının Gürcüstana daxil olması barədə məlumat yayılıb.
“Cəmiyyəti məlumatlandırmaq məqsədilə izah etmək istəyirik ki, qeyd olunan məlumat həqiqətə uyğun deyil və ayrı-ayrı maraqlı şəxslər tərəfindən məqsədyönlü dezinformasiya yayılmasına xidmət edir.
Son 24 saat ərzində Lars gömrük-keçid məntəqəsi vasitəsilə müxtəlif ölkələrin 7 880 vətəndaşı Gürcüstanın dövlət sərhədini keçib.
Eyni müddət ərzində həmin keçid məntəqəsindən müxtəlif ölkələrin 8 406 vətəndaşı Gürcüstanı tərk edib.
Bütün maraqlı şəxsləri yoxlanılmamış məlumatların, eləcə də müxtəlif göstəricilərin yanlış şərh edilərək təhrif olunmuş formada yayılmasından çəkinməyə çağırırıq”, – deyə nazirliyin açıqlamasında bildirilib.
Qeyd edək ki, Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, avqustun 18-də Rusiya-Gürcüstan sərhədində yerləşən Yuxarı Lars keçid məntəqəsindən 20 min nəfər keçib. Rusiya Federal Gömrük Xidməti bu göstəricinin rekord olduğunu bildirib.
“Artıq bir neçə gündür analoji dinamika müşahidə olunur. Avqustun 15 və 16-da keçid məntəqəsindən hər gün 19 min nəfər keçib. Hazırkı göstəricilər əvvəlki illərin analoji dövrlərindəki rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir”, – deyə Rusiya Federal Gömrük Xidmətinin açıqlamasında qeyd olunub.
Açıqlamada həmçinin bildirilib ki, gömrük və sərhəd xidmətləri nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirir.
“Əlavə növbələr yaradılıb, daha çox əməkdaş prosesə cəlb olunub. Bu isə keçid qabiliyyətinin artırılmasına və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinin sürətləndirilməsinə imkan verir”, – deyə məlumatda bildirilib.


