Marneulidə ödəmə aparatını oğurladılar - VİDEO
Marneuli rayonunda ticarət obyektinin qarşısından sürətli ödəniş aparatını oğurlayaraq içərisindəki pulu mənimsəyən iki nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları tərəfindən iki nəfər qabaqcadan razılaşma əsasında qrup halında oğurluq etməkdə ittiham olunaraq saxlanılıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər öz avtomobilləri ilə hərəkət edərək Marneuli bələdiyyəsinin kəndlərindən birində yerləşən ticarət obyektinin ərazisindən kənarda quraşdırılmış sürətli ödəniş aparatını oğurlayıblar. Daha sonra aparatın içərisindəki pulu qanunsuz olaraq mənimsəyib, zədələnmiş aparatı hadisə yerindən uzaqda ataraq qaçıblar.
Həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri cinayətin izlərini gizlətmək məqsədilə kənd sakinlərindən birinə məxsus avtomobilin dövlət qeydiyyat nişanını oğurlayaraq öz avtomobilinə taxıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində şübhəli şəxslər hadisədən bir neçə saat sonra saxlanılıb. Oğurlanmış ödəniş aparatı və avtomobilin dövlət qeydiyyat nişanı maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin ikinci və üçüncü hissələri ilə istintaq aparılır. Sözügedən maddələr 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


