17 
Avq
2026
11:27
82

Gürcüstanda rüşvət və kommersiya məqsədli qanunsuz ödənişlərlə bağlı 3 nəfər saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində üç ayrı cinayət işi üzrə rüşvət alma və kommersiya məqsədli rüşvət halları aşkarlanıb, üç nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Məlumata görə, cinayət işlərindən birinin istintaqı zamanı müəyyən edilib ki, Acarıstan Meşə Agentliyinin Xulo Meşə Administrasiyasında meşə mühafizəçisi işləyən N.B. dövlət meşə fonduna aid ərazidən istifadə müqabilində vətəndaşdan 1000 ABŞ dolları məbləğində rüşvət alıb. O, pulu aldığı vaxt hadisə yerində saxlanılıb.

İkinci cinayət işi üzrə aparılan araşdırma nəticəsində müəyyən edilib ki, Qida Milli Agentliyinin Raça-Leçxumi və Aşağı Svaneti Regional Xidmətinin baytar həkimi A.L. müəyyən edilmiş prosedurlardan kənar olaraq qeydiyyata alınmamış mal-qaranın identifikasiyası və qeydiyyata alınması müqabilində vətəndaşdan 650 lari məbləğində rüşvət alıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə rüşvət alma ittihamı üzrə araşdırma aparılır. Sözügedən maddə 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Üçüncü cinayət işi üzrə isə müəyyən edilib ki, “Gürcüstan Bərk Tullantıların İdarəedilməsi Şirkəti” MMC-nin operatoru B.Z. Kvemo Kartli bölgəsində yerləşən tullantı poliqonunda tullantıların icazəsiz yerləşdirilməsi müqabilində vətəndaşdan 500 lari tələb edərək alıb. O, pulu aldığı zaman İstintaq Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər