15 
Avq
2026
14:03
106

Gürcüstan DTX-nin Antikorrupsiya Agentliyi dələduzluq işi üzrə 6 nəfəri saxlayıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyinin əməkdaşları iki ayrı cinayət işi üzrə keçirilmiş istintaq və əməliyyat tədbirləri nəticəsində külli miqdarda dələduzluq və dələduzluğa cəhd faktlarına görə məhkəmə qərarı əsasında Gürcüstanın 5 və Türkiyə Respublikasının 1 vətəndaşını saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DTX-nin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze DTX-də keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, cinayət işlərindən biri üzrə aparılan istintaq zamanı müəyyən edilib ki, Türkiyə Respublikasının bir vətəndaşı Gürcüstanın 4 vətəndaşı ilə birlikdə dələduzluq məqsədilə yaradılmış cinayətkar qrupun üzvü olub.

Qrup Gürcüstanda müvəqqəti yaşayan Türkiyə vətəndaşına 14 500 ABŞ dolları müqabilində yaşayış icazəsi almasına kömək edəcəklərini vəd edib, lakin vədini yerinə yetirməyib.

Zərərçəkmiş şəxsin Gürcüstanda qanuni qalma müddətinin başa çatdığı cinayətkar qrupun digər üzvlərinə də məlum olub. Bundan sonra saxlanılan şəxslə cinayət əlaqəsində olan Gürcüstan vətəndaşları həmin Türkiyə vətəndaşı ilə əlaqə saxlayaraq 3 000 ABŞ dolları qarşılığında onun Gürcüstanda qalması üçün qanuni əsas yaratmağa kömək ediblər.

İstintaqın məlumatına görə, həmin şəxsin şəxsiyyət vəsiqəsindən istifadə edilərək, sərhəd faktiki keçilmədiyi halda, “Şəxsiyyət vəsiqəsi ilə səyahət, giriş və çıxış forması”na Gürcüstan dövlət sərhədinin hər iki istiqamətdə keçildiyini təsdiqləyən rəsmi möhürlər vurulub.

İkinci cinayət işi üzrə isə istintaq müəyyən edib ki, Gürcüstanda müvəqqəti yaşayan Türkmənistan vətəndaşının ölkədə qanuni qalma müddəti başa çatıb. Gürcüstan vətəndaşı isə 4 000 ABŞ dolları müqabilində onu sərhəddən çıxarıb daha sonra yenidən ölkəyə qaytaracağını və bununla da Gürcüstanda qanuni qalma müddətinin uzadılmasını təmin edəcəyini vəd edib.

Lakin təqsirləndirilən şəxs vədini yerinə yetirməyib, buna baxmayaraq pulun bir hissəsini tələb edərək alıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin üçüncü hissəsinin “b” bəndi, 19-180-ci maddəsinin ikinci hissəsinin “a” və üçüncü hissəsinin “b” bəndləri ilə aparılır. Sözügedən maddələr 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

“DTX-nin Antikorrupsiya Agentliyi sözügedən cinayət sxeminə cəlb olunmuş digər şəxslərin müəyyən edilməsi və onların cinayət məsuliyyətinə cəlb olunması məqsədilə fəaliyyətini davam etdirir”, – deyə Emzar Qaqnidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər