13 
Avq
2026
12:10
96

Narkotik cinayətlərinə görə 135 nəfər saxlanıldı

Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayətlərində ittiham olunan 135 nəfəri saxlayıb. Onların 55-nin narkotik vasitələrin satışına müxtəlif formalarda cəlb olunduğu müəyyən edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

“Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biri narkotik cinayətlərinə qarşı barışmaz mübarizədir. Bu istiqamətdə hüquq-mühafizə orqanları ölkə üzrə fasiləsiz olaraq kompleks polis və profilaktik tədbirlər həyata keçirir.

Hüquq-mühafizə orqanlarının son bir neçə gün ərzində Tbilisi və Gürcüstanın müxtəlif bölgələrində keçirdiyi əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayətlərində ittiham olunan 135 nəfər saxlanılıb. Onların arasında narkotik vasitələrin satışına müxtəlif formalarda cəlb olunmuş 55 nəfər var.

Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələrin yayılması üçün müxtəlif üsullardan istifadə ediblər. Hüquq-mühafizə orqanları hakim qərarı əsasında bir neçə dəfə narkotik vasitələrin nəzarətli alışını həyata keçirib və həmin alışların gizli audio-video qeydə alınmasını təmin edib.

Polis narkotik cinayətlərində ittiham olunan şəxslərin üzərində, avtomobillərində və yaşayış evlərində, həmçinin onların göstərdikləri yerlərdə apardığı axtarışlar zamanı maddi sübut qismində xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkar edərək götürüb.

Bundan əlavə, narkotik vasitələrin qanunsuz satışı nəticəsində əldə edilmiş pul vəsaiti və qanunsuz olaraq əldə edilmiş odlu silahlar da maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 260^4, 260^3, 261, 263, 265^1 və 236-cı maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Daxili İşlər Nazirliyi narkotik vasitələrin satışını həyata keçirən və narkotiklərin qanunsuz dövriyyəsinə cəlb olunmuş şəxslərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirir.

Narkotik vasitələrin ölkəyə qanunsuz gətirilməsinin və yayılmasının qarşısının alınması məqsədilə polis digər aidiyyəti hüquq-mühafizə qurumları ilə sıx koordinasiya şəraitində quru, dəniz və hava sərhədlərinin maksimum səviyyədə qorunmasını və nəzarətdə saxlanılmasını təmin edir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə, narkotiklərin satışına və ya bu fəaliyyətə yardım göstərilməsinə cəlb olunan hər bir şəxs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq”, – deyə Davit Kiknadze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər