Təhlükəsizlik kəmərindən istifadə nəqliyyat vasitələrinin arxa oturacaqlarında da məcburi ola bilər
Təhlükəsizlik kəmərindən istifadənin nəqliyyat vasitələrinin arxa oturacaqlarında da məcburi edilməsi planlaşdırılır.
InterPress.ge xəbər verir ki, bu öhdəliyin tətbiqi və tənzimlənməsi məsələsi hökumətin avqustun 5-də qəbul etdiyi qərarla təsdiqlənən 2026-2030-cu illər üzrə Yol Təhlükəsizliyi Milli Strategiyasında öz əksini tapıb.
Sənəddə vurğulanır ki, müasir yol təhlükəsizliyi kontekstində təhlükəsizlik kəmərindən istifadə yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının və ağır xəsarətlərin qarşısının alınmasının əsas vasitələrindən biri hesab olunur.
“Araşdırmalara əsasən, arxa oturacaqlarda əyləşən sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsi həm həmin sərnişinlərin, həm də ön oturacaqlarda olan şəxslərin həyat və sağlamlığının qorunmasında mühüm rol oynayır. Bu baxımdan, avtomobilin arxa oturacaqlarında təhlükəsizlik kəmərindən istifadənin məcburi qaydasının tətbiqi və bunun müvafiq şəkildə tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir.
Cəmiyyətdə təhlükəsizlik kəmərindən istifadənin yüksək səviyyəli mədəniyyətinin və istifadənin davamlı göstəricisinin təmin edilməsi üçün dövlət tərəfindən kompleks addımların atılması zəruridir. Bu məqsədlə qeyd olunan məsələ ilə bağlı müvafiq normativ bazanın formalaşdırılması və effektiv icra mexanizminin təmin edilməsi, digər tərəfdən isə məqsədyönlü sosial kampaniyaların və maarifləndirici təşəbbüslərin fəal şəkildə həyata keçirilməsi planlaşdırılır. Bu tədbirlər əhalinin məlumatlılıq səviyyəsinin artırılmasına səbəb olacaq”, – deyə hökumət tərəfindən təsdiqlənən 2026-2030-cu illər üzrə Yol Təhlükəsizliyi Milli Strategiyasında qeyd olunur.


