Aygül İsayeva: 2025–2026-cı tədris ilində gürcü dili üzrə birillik hazırlıq proqramını bitirən tələbələrin bakalavr təhsili dövlət hesabına maliyyələşdiriləcək
2025–2026-cı tədris ilində gürcü dili üzrə birillik hazırlıq proqramında təhsil alan qrant almayan tələbələrin bakalavr təhsili 2026–2027-ci tədris ilindən dövlət hesabına maliyyələşdiriləcək.
InterPress.ge xəbər verir ki, bununla bağlı “Maarif” təşkilatının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Facebook hesabında paylaşım edib. Paylaşımı olduğu kimi təqdim edirik:
“İnsan bir şeyi çox istəyəndə, məqsədyönlü çalışanda və tutarlı arqumentlər irəli sürəndə istəyinə nail ola bilir.
Yanvar ayından etibarən 2025–2026-cı tədris ilində gürcü dili üzrə birillik hazırlıq proqramında təhsil alan, lakin dövlət təhsil qrantı almayan tələbələrin də bakalavr pilləsində təhsillərini dövlət hesabına davam etdirmələri üçün dəfələrlə Təhsil Nazirliyinə və digər dövlət qurumlarına müraciətlər ünvanlamışdım. Bu məsələ ilə bağlı mənə şifahi məlumat verilsə də, bu gün artıq rəsmi yazılı cavab da təqdim olundu.
Təhsil Nazirliyinin cavab məktubunda qeyd edilir ki, 2025–2026-cı tədris ilində dövlət universitetlərinin gürcü dili üzrə birillik hazırlıq proqramına qəbul olunmuş Gürcüstan vətəndaşı olan azərbaycanlıların 2026–2027-ci tədris ilində bakalavr pilləsində təhsillərini davam etdirmələri halında, 30 iyul 2026-cı il tarixli 359 nömrəli qərarla müəyyən edilmiş şərtlər nəzərə alınmaqla, onların təhsil haqqı dövlət tərəfindən tam maliyyələşdiriləcəkdir.
Həmçinin, bu ildən etibarən gürcü dili üzrə birillik hazırlıq proqramı da dövlət hesabına (ödənişsiz) olacaq. Əlavə olaraq, Ombudsman Aparatından da müraciətimə cavab olaraq bildirmişdilər ki, bu il gürcü dili üzrə birillik hazırlıq proqramına qəbul olunacaq azərbaycanlı abituriyentlər üçün 1202 yer ayrılıb.
Həm bu il bakalavr pilləsində, həm də birillik gürcü dili hazırlığında təhsilə başlayacaq gəncləri ürəkdən təbrik edir, onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıram”.


