07 
Avq
2026
20:50
68

Aleksandre Tabatadze Baramidzeni sərt tənqid etdi: "Bu cür bəyanatlar Gürcüstanın milli maraqlarına zərər vurur"

Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Aleksandre Tabatadze "Vahid Milli Hərəkat"ın liderlərindən biri Giorgi Baramidzenin Abxaziya müharibəsi ilə bağlı səsləndirdiyi fikirləri kəskin tənqid edib.

InterPress.ge xəbər verir ki, Aleksandre Tabatadze bununla bağlı yaydığı açıqlamada bildirib ki, Giorgi Baramidzenin Gürcüstanın ərazi bütövlüyü uğrunda aparılan müharibə zamanı əsirlərə münasibətlə bağlı səsləndirdiyi fikirlər son dərəcə məsuliyyətsizdir və ölkənin milli maraqlarına zərər vurur.

Onun sözlərinə görə, bu cür bəyanatlar Gürcüstanın müharibə veteranlarını və ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanlarını təhqir edir.

Tabatadze vurğulayıb ki, siyasi məqsədlər naminə gürcü hərbçilərinin və döyüşçülərinin ləyaqətini şübhə altına alan, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yanlış təsəvvür yaradan narrativlərin yayılması yolverilməzdir.

Komitə sədri qeyd edib ki, bu cür açıqlamalar Gürcüstan hökumətinin barışıq siyasətinə də ziddir. Onun sözlərinə görə, həmin siyasət münaqişənin dinc yolla həllinə, qarşılıqlı etimadın bərpasına və beynəlxalq humanitar hüququn prinsiplərinə hörmətə əsaslanır.

Aleksandre Tabatadze bildirib ki, hazırkı işğal şəraitində Gürcüstan beynəlxalq səviyyədə öz siyasi və hüquqi mövqeyini hər gün müdafiə edir. Buna görə də hər bir ictimai bəyanat xüsusi əhəmiyyət daşıyır və bu kimi ittihamlar Gürcüstanın nüfuzdan salınmasına çalışan qüvvələr tərəfindən ölkəyə qarşı istifadə oluna bilər.

"Milli təhlükəsizlik, ölkənin müdafiə qabiliyyəti, hərbçilərimizin ləyaqəti və Gürcüstanın beynəlxalq maraqları daxili siyasi mübarizənin alətinə çevrilməməlidir. Bu məsələlər hamının ortaq məsuliyyət daşıdığı sahələrdir və onlara son dərəcə ehtiyatla yanaşmaq lazımdır", – deyə Tabatadze vurğulayıb.

Xatırladaq ki, Giorgi Baramidze bundan əvvəl Abxaziya müharibəsi zamanı gürcü tərəfinin əsirləri güllələdiyini iddia etmişdi. Kəskin reaksiyalardan sonra o, açıqlamasına aydınlıq gətirsə də, videomüraciətində eyni məzmunlu fikirləri təkrarlayıb. Baramidzenin sözlərinə görə, bu, gürcü ordusunun cinayəti deyil, müharibə şəraitində qəzəblənmiş insanların əsirlərə aman verməməsi ilə bağlı baş verən hadisələr idi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər