Zakareişvili Baramidzenin iddialarını rədd etdi: "Əsirlərin güllələnməsi ilə bağlı dedikləri absurddur"
Keçmiş dövlət naziri və konfliktoloq Paata Zakareişvili "Vahid Milli Hərəkat"ın liderlərindən biri Giorgi Baramidzenin Abxaziya müharibəsi dövründə gürcü tərəfinin əsirləri güllələdiyi barədə səsləndirdiyi fikirləri həqiqətə uyğun olmadığını bildirib.
InterPress.ge xəbər verir ki, Paata Zakareişvili bu barədə "Rezonansi" qəzetinə açıqlamasında danışıb. Onun sözlərinə görə, Giorgi Baramidzenin bəyanatı reallıqdan uzaqdır və Abxaziya müharibəsi zamanı əsirlərin mübadiləsi prosesində baş verənləri düzgün əks etdirmir.
Zakareişvili bildirib ki, müharibə dövründə əsirlərin dəyişdirilməsi, həlak olanların cəsədlərinin geri qaytarılması və məcburi köçkünlərin çıxarılması ilə məşğul olan humanitar komissiyada özü davamlı fəaliyyət göstərib, Giorgi Baramidze isə parlament üzvü seçildikdən sonra bu prosesdən kənarda qalıb.
"Mən də Suxumiyə gedirdim, Baramidze də. Lakin o, parlamentə seçildikdən sonra komissiyanın işindən uzaqlaşdı. Mən fəaliyyətimi davam etdirirdim, o isə yalnız bəzən, əsasən əsir mübadiləsi zamanı gəlirdi. Bir dənə protokol göstərsin ki, əsirlərin mübadiləsi zamanı onun adı qeyd olunub. Belə sənəd gətirə bilməz. Hər yerdə mənim adım var. Bütün prosesi mən idarə edirdim", – deyə Zakareişvili bildirib.
Keçmiş dövlət naziri vurğulayıb ki, Baramidzenin "əsirləri güllələyirdik" iddiası tamamilə əsassızdır.
"Bu, absurddur və cəfəngiyyatdır. Hər iki tərəfdə ayrı-ayrı belə hallar baş verib, lakin bunlara qarşı çox sərt münasibət göstərilirdi. General Gia Karkaraşvili bu cür hadisələrə görə çox sərt reaksiya verirdi, prokurorluq cinayət işləri açırdı. Bu məsələyə son dərəcə ciddi yanaşılırdı", – deyə o qeyd edib.
Zakareişvili bildirib ki, nə gürcü, nə də abxaz tərəfdə əsirlərin kütləvi şəkildə güllələnməsi kimi bir praktika olmayıb. Onun sözlərinə görə, əsas problem bəzi hərbi bölmələrin saxladıqları əsirləri mərkəzi hakimiyyətə təhvil vermək istəməməsi idi ki, gələcəkdə öz əsirlərini dəyişmək üçün onlardan istifadə edə bilsinlər.
O əlavə edib ki, həmin dövrdə özü daim Suxumidə olub, qərargahda hərbçilərlə birlikdə fəaliyyət göstərib və Tbilisi ilə əlaqələndirici şəxs kimi çalışıb. Zakareişvilinin sözlərinə görə, Giorgi Baramidze isə yalnız əsir mübadiləsi başa çatdıqdan sonra hadisə yerinə gələrək kameralar qarşısında görünürdü.
Xatırladaq ki, bundan əvvəl "Vahid Milli Hərəkat"ın liderlərindən Giorgi Baramidze bəyan etmişdi ki, Abxaziya müharibəsi zamanı gürcü tərəfi əsirlərin mübadiləsində çətinlik çəkirdi, çünki saxlanılan abxaz döyüşçüləri tez-tez yerindəcə güllələnirdi.


