06 
Avq
2026
19:30
194

Marneulidə texniki baxış qalmaqalı: DTX 3 nəfəri saxladı

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyi kommersiya məqsədli rüşvət alma və saxta rəsmi sənədlərin hazırlanması faktı üzrə Gürcüstanın 3 vətəndaşını saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, istintaq nəticəsində müəyyən olunub ki, təqsirləndirilən şəxslər Marneulidə fəaliyyət göstərən "Tex-2017" texniki baxış mərkəzinin əməkdaşının vasitəsilə qanunsuz maddi gəlir əldə etmək məqsədilə texniki cəhətdən nasaz avtomobillərə mütəmadi olaraq müsbət texniki baxış rəyi veriblər.

DTX-nin məlumatına görə, həmin nəqliyyat vasitələri qanunvericiliklə müəyyən edilmiş texniki tələblərə cavab verməsələr də, təqsirləndirilən şəxslər hesabatlara bilərəkdən həqiqətə uyğun olmayan məlumatlar daxil edərək nasaz avtomobillərə müsbət texniki baxış sənədləri rəsmiləşdiriblər.

Bildirilib ki, bu qanunsuz xidmət müqabilində onlar vətəndaşlardan mütəmadi olaraq pul vəsaiti alıblar.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 3-cü hissəsi (kommersiya məqsədli rüşvət alma), 362-ci maddəsinin 1-ci hissəsi (saxta rəsmi sənəd hazırlama), eləcə də həmin cinayətlərin qrup halında törədilməsinə yardım etmə maddələri ilə aparılır.

Qeyd olunub ki, sözügedən cinayətlərə görə təqsirləndirilən şəxsləri 6 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər