Gürcüstanda yeni Yol Təhlükəsizliyi Strategiyası təsdiqləndi – Qəzalarda ölən və yaralananların sayı 25% azaldılacaq
Gürcüstan hökuməti 2026–2030-cu illər üçün Milli Yol Təhlükəsizliyi Strategiyasını və Fəaliyyət Planını təsdiqləyib. Sənəd 2030-cu ilədək yol-nəqliyyat hadisələri nəticəsində həlak olan və xəsarət alan insanların sayının 25 faiz azaldılmasını hədəfləyir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani məlumat verib. Onun sözlərinə görə, strategiyanın əsas məqsədi yollarda təhlükəsizliyin artırılması, mövcud vəziyyətin yaxşılaşdırılması və beynəlxalq standartların tətbiq edilməsidir.
Nazir müavini bildirib ki, yeni strategiya yol təhlükəsizliyi sahəsində müasir sistemlərin tətbiqini nəzərdə tutur və bu, yol qəzalarının sayının əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək.
"Bu, yol təhlükəsizliyinin yaxşılaşdırılması baxımından çox vacib strategiyadır. Məqsədimiz yollardakı vəziyyəti yaxşılaşdıracaq yeni sistemləri tətbiq etmək və beynəlxalq yol təhlükəsizliyi standartlarını ölkəmizdə tətbiq etməklə yol qəzaları nəticəsində həlak olan və yaralananların sayını 25 faiz azaltmaqdır. Biz həm sürət həddinin aşılmasının qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlərə, həm də Gürcüstan yollarında azyaşlıların təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetiririk", – deyə Tamar İoseliani bildirib.
Nazir müavininin açıqlaması Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi tərəfindən yayılıb.


