Tbilisi hava limanında İranın üç vətəndaşı saxlanıldı
Gürcüstan polisi dövlət sərhədini qanunsuz keçməyə cəhd və saxta sənədlərdən istifadə ittihamı ilə İranın üç vətəndaşını saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Patrul Polis Departamentinin Sərhədin İdarə Olunması və Koordinasiyası Baş İdarəsinin əməkdaşları xarici ölkə vətəndaşlarını Tbilisi Beynəlxalq Hava Limanında saxlayıblar.
Nazirliyin məlumatına görə, İran vətəndaşları saxta sənədlərdən istifadə etməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərərkən hüquq-mühafizə orqanları tərəfindən yaxalanıblar.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin 1-ci və 2-ci hissələri (dövlət sərhədini qanunsuz keçməyə cəhd) və 362-ci maddəsinin 1-ci hissəsi (saxta sənəddən istifadə) ilə aparılır.
Qeyd olunan maddələr 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


