Gürcüstandakı kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı
Gürcüstanda baş verən ölkəmiqyaslı elektrik enerjisi kəsintisinin səbəbi məlum olub. Məlumata görə, hadisə Enguri Su Elektrik Stansiyasında (SES) aparılan planlı sınaqlar zamanı baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Energetika və Su Təchizatını Tənzimləmə Milli Komissiyasının (GNERC) üzvü Giorgi Panqani sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, hazırda baş vermiş hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün ətraflı təhlil aparılır.
Giorgi Panqani bildirib ki, bu gün Gürcüstan Dövlət Elektrik Sistemi Enguri SES-in aqreqatlarında əvvəlcədən planlaşdırılmış sınaqlar həyata keçirirdi. Sınaqların məqsədi 24 və 25 iyul tarixlərində baş vermiş qəzalardan sonra enerji sistemində mövcud olan zəif nöqtələri müəyyən etmək və qiymətləndirmək idi.
Onun sözlərinə görə, sınaq proqramı çərçivəsində Gürcüstanın elektrik enerjisi sisteminin izolyasiya olunmuş rejimdə işləməsi də nəzərdə tutulmuşdu. Bu rejim isə mühüm texniki risklər, o cümlədən bütün enerji sisteminin tam dayanması ehtimalı ilə müşayiət olunurdu.
Panqani qeyd edib ki, sınaqlar zamanı məhz Gürcüstanın elektrik enerjisi sistemi tam şəkildə söndürülüb.
Hazırda baş vermiş hadisə ətraflı araşdırılır və qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi, eləcə də gələcəkdə oxşar halların təkrarlanmaması üçün müvafiq qiymətləndirmə aparılır.


