05 
Avq
2026
20:43
97

DTX sabotaj maddəsi ilə cinayət işi açdı – Gürcüstana qarşı dezinformasiya kampaniyasının araşdırıldığı bildirilir

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkənin dövlət maraqlarına zərər vurmaq məqsədilə xaricdən idarə olunduğu və ölkə daxilindən dəstəkləndiyi iddia edilən dezinformasiya kampaniyası ilə bağlı sabotaj maddəsi üzrə istintaqa başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Qurumun bildirdiyinə görə, istintaq müxtəlif sosial platformalarda xarici ölkələrdə qeydiyyatdan keçirilən və idarə olunan saxta "bot" hesablar vasitəsilə Gürcüstanın maraqlarına zidd, ölkənin nüfuzuna və iqtisadi maraqlarına xələl gətirə biləcək məlumatların məqsədli şəkildə yayılması faktları ilə bağlı aparılır.

DTX-nin məlumatına əsasən, kampaniyanın məqsədi dezinformasiya yaymaqla Gürcüstanda Rusiya Federasiyasından gələn turistlər üçün təhlükəli və arzuolunmaz mühit yaradıldığı barədə yanlış təsəvvür formalaşdırmaq olub.

Qurumun açıqlamasında qeyd edilir ki, hazırda məlum olan faktlara görə, X sosial platformasında fəaliyyət göstərən bir neçə saxta hesabda müxtəlif mövzular üzrə dezinformasiyalar yayılıb. Bu paylaşımlarda guya Gürcüstan vətəndaşlarının Rusiyadan gələn turistləri meşədə tək qoyduğu və ya restoranlarda onlara təqdim edilən yeməkləri qəsdən çirkləndirdiyi kimi iddialar yer alıb.

Bildirilib ki, bu məzmunlu saxta məlumatlar daha sonra müəyyən vaxt intervalı ilə koordinasiyalı şəkildə xarici ölkədə qeydiyyatdan keçmiş və milyonlarla izləyicisi olan onlayn media vasitəsi ilə də yayılıb.

DTX-nin məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə aparılır. Həmin maddə dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə dövlət müəssisələrinin və ya digər mühüm obyektlərin normal fəaliyyətinə mane olmanı, yaxud onların zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur və 4 ilədək azadlıqdan məhrumetmə cəzasını ehtiva edir.

Qurum bildirib ki, istintaq çərçivəsində dezinformasiya kampaniyasının təşkilatçılarının, iştirakçılarının, mümkün maliyyə mənbələrinin, məlumatların yayılma mexanizmlərinin və məqsədlərinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

DTX vurğulayıb ki, Gürcüstanın milli maraqlarına zərər vurmağa, dövlət institutlarını sabitsizləşdirməyə, konstitusiya quruluşunu pozmağa və milli təhlükəsizliyə xələl gətirməyə yönəlmiş, istər xaricdən, istərsə də ölkə daxilindən idarə olunan bütün fəaliyyətlərə qanunvericiliyə uyğun hüquqi qiymət veriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər