Gürcüstanda kütləvi elektrik kəsintisi: Tbilisi metrosu və dəmir yolu fəaliyyətini dayandırdı
Gürcüstanda baş verən genişmiqyaslı elektrik enerjisi kəsintisi nəqliyyat infrastrukturunun fəaliyyətinə də təsir göstərib. Hazırda Tbilisi metrosu fəaliyyətini dayandırıb, "Gürcüstan Dəmir Yolları"nın hərəkətində isə ciddi fasilələr yaranıb.
InterPress.ge xəbər verir ki, ölkə üzrə baş verən kütləvi elektrik kəsintisi səbəbindən bu vaxtadək Tbilisi metrosu işləmir. Vətəndaşların verdiyi məlumata əsasən, "Gürcüstan Dəmir Yolları"nın qatarlarının hərəkəti də dayanıb.
Hazırda elektrik enerjisinin kəsilməsinin rəsmi səbəbi açıqlanmayıb. Aidiyyəti qurumların məsələ ilə bağlı açıqlama verməsi gözlənilir.
Qeyd edək ki, bu, son bir ay ərzində Gürcüstanda baş verən üçüncü genişmiqyaslı elektrik kəsintisidir. Bundan əvvəl analoji hadisələr 24 iyul saat 00:10-da və 25 iyul səhər saatlarında qeydə alınmışdı.
Həmin hadisələrdən sonra Gürcüstan Energetika və Su Təchizatını Tənzimləmə Milli Komissiyası (GNERC) ölkənin enerji sistemində baş vermiş qəzanın səbəblərini araşdırmağa başlamışdı. Komissiyanın sədri David Narmanianın sözlərinə görə, 24 iyul tarixində baş verən kəsintiyə "İmereti" yüksək gərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza səbəb olmuşdu.
Xatırladaq ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti 24 və 25 iyul tarixlərində ölkə üzrə elektrik enerjisinin qəfil kəsilməsi faktları ilə bağlı sabotaj maddəsi üzrə cinayət işi başladıb.


