Netanyahu: "HƏMAS tam tərksilah olunmayana qədər Qəzzadan qoşunlarımızı çıxarmayacağıq"
İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, HƏMAS tam tərksilah olunmayana qədər İsrail ordusu Qəzza zolağından çıxmayacaq.
InterPress.ge xəbər verir ki, Benyamin Netanyahu bu barədə ABŞ Prezidenti Donald Trampın elan etdiyi və Qəzzada HƏMAS-ın tam tərksilahını nəzərdə tutan sülh razılaşması layihəsinə münasibət bildirərkən açıqlama verib.
Baş nazir qeyd edib ki, Tramp administrasiyası İsrailə sülh sazişinin layihəsini göndərib, lakin rəsmi Təl-Əviv təqdim olunan variantı qəbul etməyib.
"Tramp administrasiyası bizə saziş layihəsini göndərdi. Biz onunla razılaşmadıq. Bu, bizim layihəmiz deyil. Öz irad və təkliflərimizi onlara göndərdik", – deyə Netanyahu bildirib.
Saziş layihəsinə əsasən, HƏMAS silahlarını təhvil verməyə başlamalı, İsrail isə nəzarətində olan Qəzza zolağı ərazilərindən qoşunlarını çıxarmalı və bölgəyə endirdiyi zərbələri dayandırmalıdır.
Netanyahu vurğulayıb ki, İsrail Silahlı Qüvvələri ölkənin, ərazisinin və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri olan bütün addımları atmağa davam edəcək.
"İsrail Silahlı Qüvvələri özünü, ərazimizi və vətəndaşlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcək", – deyə İsrailin Baş naziri əlavə edib.


