04 
Avq
2026
17:30
115

Marneuli və Kareli uşaq bağçalarında qalmaqal: Mal əti əvəzinə at əti verən iki nəfər saxlanıldı

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyinin əməkdaşları külli miqdarda dələduzluq və saxtakarlıq faktı üzrə məhkəmənin qərarı əsasında iki nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, cinayət işi Marneuli və Kareli bələdiyyələrinin uşaq bağçalarına mal əti əvəzinə aldatma yolu ilə at ətinin çatdırılması faktı ilə bağlıdır.

İstintaqla müəyyən edilib ki, "B.G.M.1" və "Gürcü Ət Məhsulları Ferması" şirkətləri Marneuli və Kareli bələdiyyələrinin uşaq bağçaları birliyi tərəfindən elan olunmuş tenderlərin qalibi olublar. Müqaviləyə əsasən, həmin şirkətlər uşaq bağçalarını mal əti ilə təmin etməli idilər.

DTX-nin məlumatına görə, şirkətlərin direktorları 2026-cı ilin may ayında uşaq bağçalarına mal əti əvəzinə aldatma yolu ilə at əti çatdırıblar. Nəticədə onlar dövlət büdcəsinə məxsus külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəyiblər.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi (külli miqdarda dələduzluq) və 197-ci maddəsinin 1-ci hissəsi (saxtakarlıq) ilə aparılır. Həmin maddələr 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər