04 
Avq
2026
10:28
76

Kobaxidze: Müxalifətin Rusiyaya münasibəti nə 2008-ci il müharibəsindən əvvəl, nə də sonra indiki qədər sərt olmayıb

Gürcüstanın Baş naziri və "Gürcü Arzusu" Partiyasının sədri İrakli Kobaxidze bildirib ki, bu gün Rusiyaya qarşı sərt ritorika nümayiş etdirən müxalif qüvvələr 2008-ci il müharibəsindən əvvəl və sonra belə mövqe sərgiləməyiblər. Onun sözlərinə görə, həmin qüvvələr Rusiyanı yalnız 2022-ci ildə Ukraynaya yenidən müdaxilə etdikdən sonra "əsas düşmən" elan ediblər.

InterPress.ge xəbər verir ki, İrakli Kobaxidze bu fikirləri sosial şəbəkədə yayımladığı geniş bəyanatda səsləndirib. Baş nazir qeyd edib ki, Rusiyanın Gürcüstan ərazilərini işğal etməsi, yüzlərlə hərbçi, polis əməkdaşı və mülki şəxsin həlak olması, Giorgi Antsuxelidzenin işgəncə ilə öldürülməsi, 120-dən çox kəndin itirilməsi və on minlərlə insanın məcburi köçkünə çevrilməsi belə həmin siyasi qüvvələrin Rusiyaya münasibətini bugünkü səviyyədə sərtləşdirməyib.

Kobaxidzenin sözlərinə görə, onun "xarici agentura" adlandırdığı qüvvələr Rusiyanı yalnız Ukraynaya ikinci dəfə müdaxilədən sonra barışmaz düşmən elan ediblər.

"Əgər söhbət Ukrayna vətəndaşlarından getsəydi, bu tam başadüşülən olardı. Lakin görünür, Gürcüstan vətəndaşı olan bu 'vətənsizlər' Gürcüstandan daha çox Ukraynanın taleyinə yanırlar, çünki onlara belə göstəriş verilib. Paradoksal olsa da, onların düşüncəsinə görə, Rusiya Gürcüstanın əsl işğalçısına məhz Ukrayna ərazilərini işğal etdikdən sonra çevrilib", – deyə Baş nazir bildirib.

İrakli Kobaxidze əlavə edib ki, həmin qüvvələrin nümayiş etdirdiyi emosiyalar da səmimi deyil və onların hərəkətləri heç bir dəyərə söykənmir.

Baş nazir bildirib ki, əgər kimsədə radikal antirusiya mövqeyi formalaşmalı idisə, bu, 2022-ci ildən sonra deyil, 2008-ci il müharibəsindən sonra baş verməli idi.

Kobaxidze, həmçinin iddia edib ki, bu gün özlərini Rusiyaya qarşı sərt mövqedə göstərən siyasətçilər, QHT nümayəndələri, jurnalistlər və fəallar Elene Xoştariyanın Rusiya dövlət büdcəsindən köçürülmüş milyonlarla rubl alması ilə bağlı iddialara reaksiya vermirlər və bunu onların mövqeyinin qeyri-səmimi olmasının nümunəsi kimi qiymətləndirib.

Bizimlə əlaqə saxlayın