Zalujnı: Nağıllara inanmayın, Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq
Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı illərdir verilən vədlər reallığa çevrilməyib və ölkənin alyansa qoşulması mümkün görünmür.
InterPress.ge xəbər verir ki, Valeri Zalujnı bu fikirləri Kiyevdə səfirlərlə keçirilən görüşdə səsləndirib. O, NATO standartlarının tətbiqi istiqamətində uzun illər çalışdığını xatırladaraq, Ukraynanın alyansa üzvlüyü ilə bağlı gözləntiləri "nağıl" adlandırıb.
"NATO-nu çox yaxşı tanıyıram. Mən 12 il NATO standartlarının ölkəmizdə tətbiqi üzərində çalışmışam və hər il tezliklə NATO-ya qəbul olunacağımız barədə nağıllar eşitmişəm. Təəssüf ki, biz heç vaxt NATO-ya üzv ola bilməyəcəyik", – deyə Zalujnı bildirib.
Səfirin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hazırkı inkişaf səviyyəsi ilə İkinci Dünya müharibəsinin doktrinalarını rəhbər tutan bir təşkilata qoşulmaq mümkün deyil.
"Çox güman ki, NATO indiki formada fəaliyyətini davam etdirəcək və Ukraynanın Rusiya Federasiyasının hərbi potensialının heç olmasa yarısına çatması üçün tələb olunan standartlara uyğunlaşması daha 12 il çəkəcək", – deyə Ukraynanın Böyük Britaniyadakı səfiri vurğulayıb.


