03 
Avq
2026
14:21
273

Gürcüstanda isti hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi – Bu qaydalara əməl edin

Gürcüstanın Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzi yay mövsümündə müşahidə olunan yüksək temperaturla əlaqədar vətəndaşlara müraciət edərək, sağlamlığın qorunması üçün bir sıra tövsiyələr verib.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzi məlumat yayıb. Bildirilib ki, yüksək temperaturun müşahidə olunduğu günlərdə vətəndaşlara günün ən isti saatlarında çölə çıxmamaq tövsiyə olunur.

Mərkəzin mütəxəssisləri əhaliyə kifayət qədər su qəbul etməyi, alkoqollu, şəkərli və kofein tərkibli içkilərin istehlakından isə çəkinməyi məsləhət görürlər.

Açıqlamada qeyd olunub ki, yüksək intensivlikli fiziki fəaliyyətlərdən uzaq durmaq və bu cür fəaliyyətləri günün daha sərin vaxtlarına, xüsusilə səhər saatlarına keçirmək tövsiyə edilir.

Milli Xəstəliklərə Nəzarət Mərkəzi valideynlərə və ev heyvanı sahiblərinə də ciddi xəbərdarlıq edərək bildirib ki, uşaqların və heyvanların dayanmış avtomobildə saxlanılması qəti yolverilməzdir. Çünki yüksək temperatur onların sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradır.

Qurum həmçinin açıq havaya çıxarkən açıq rəngli, geniş və təbii parçadan hazırlanmış geyimlərdən istifadə etməyi, papaq, çətir və günəş eynəyi taxmağı tövsiyə edir. Mənzillərdə isə sərinliyin qorunması, otaqların əsasən səhər və gecə saatlarında havalandırılması məsləhət görülür.

Mütəxəssislərin sözlərinə görə, isti hava dalğaları və yüksək temperatur ictimai sağlamlıq üçün əsas risk amillərindən biri olaraq qalır. İqlim dəyişikliyi fonunda Gürcüstanda da yüksək temperatur epizodlarının tezliyi və davametmə müddəti artır ki, bu da istiliyə həssas xəstəliklərin yayılmasına, eləcə də xroniki qeyri-infeksion xəstəliklərin kəskinləşməsinə səbəb olur.

Bizimlə əlaqə saxlayın