DİN azyaşlıların montaj edilmiş foto və videolarının yayılması ilə bağlı cinayət işi açdı
Gürcüstan Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə azyaşlılar da daxil olmaqla müxtəlif şəxslər barədə təhqiredici mətnlərin, eləcə də fotoşop və montaj vasitəsilə hazırlanmış foto və videoların yayılması faktı ilə bağlı istintaqa başlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi bəyanat yayıb.
Məlumata görə, sosial şəbəkələrdə fəaliyyət göstərən səhifələrdən biri vasitəsilə müxtəlif şəxslərə, o cümlədən azyaşlılara qarşı təhqiramiz mətnlər, həmçinin fotoşop və montajdan istifadə edilməklə hazırlanmış foto və videomateriallar paylaşılır.
Nazirliyin açıqlamasında bildirilir ki, faktla bağlı Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Gürcüstan Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaqa başlayıblar. Həmin maddələr azyaşlının təsvirini əks etdirən pornoqrafik materialların bilərəkdən əldə edilməsi, saxlanılması, istifadəsi və ya yayılması ilə bağlı cinayət əməllərini nəzərdə tutur.
Qurumun məlumatına əsasən, cinayəti törədən şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması məqsədilə hüquq-mühafizə orqanları tərəfindən aktiv istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə naməlum istifadəçinin azyaşlıların və onların valideynlərinin şərəf və ləyaqətini alçaldan montaj edilmiş foto və videolar yaydığı barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, həmin şəxs 10 min lari tələb edir, əks halda isə üç nəfəri öldürməklə hədələyir.


