02 
Avq
2026
20:53
116

LIDA.ge platforması ictimaiyyətə təqdim edildi - hüquqi xidmətlərdə yeni mərhələ

Bu gün Tbilisidə Gürcüstan qanunvericiliyi üzrə hazırlanmış LIDA.ge (Legal Intelligence & Digital Assistant) rəqəmsal hüquqi yardım platformasının təqdimat mərasimi keçirilib.

InterPress.ge xəbər verir ki, tədbirdə layihənin rəhbəri, InterPress.ge xəbər portalının baş redaktoru Nahid Qurbanov çıxış edərək layihənin yaranma məqsədi, platformanın funksiyaları və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verib.

Nahid Qurbanov bildirib ki, LIDA.ge platforması Gürcüstanda hüquqi xidmətlərin daha əlçatan və müasir formada təqdim edilməsi məqsədilə hazırlanıb. Onun sözlərinə görə, layihənin əsas ideyası hüquqi yardıma çıxış zamanı mövcud olan dil, məsafə və informasiya maneələrini aradan qaldırmaqdır.

O qeyd edib ki, bu gün Gürcüstanda yaşayan bir çox etnik azlıq nümayəndəsi, xarici vətəndaşlar, sahibkarlar və regionlarda yaşayan insanlar hüquqi xidmətlərdən istifadə edərkən müxtəlif çətinliklərlə üzləşirlər. LIDA.ge platforması isə bu problemlərin həllinə yönəlmiş innovativ rəqəmsal həll təqdim edir.

"Platforma vasitəsilə istifadəçilər öz ana dillərində hüquqi suallarını ünvanlaya, qanunvericilik haqqında məlumat ala, hüquqi sənədlər hazırlaya, dövlət qurumlarına müraciətlər yarada və peşəkar hüquqi dəstək əldə edə biləcəklər. Məqsədimiz hüquqi yardımı hər bir insan üçün daha əlçatan etmək və hüquqi xidmətlərin rəqəmsallaşdırılmasına töhfə verməkdir", – deyə Nahid Qurbanov bildirib.

Layihə rəhbəri vurğulayıb ki, platformanın əsas üstünlüklərindən biri istifadəçilərin öz ana dillərində hazırladıqları müraciət və sənədlərin avtomatik şəkildə peşəkar hüquqi üslubda Gürcü dilinə çevrilməsi funksiyasıdır. Onun sözlərinə görə, bu imkan xüsusilə Gürcü dilini bilməyən və ya məhdud səviyyədə bilən şəxslər üçün dövlət qurumlarına müraciət prosesini xeyli asanlaşdıracaq.

Nahid Qurbanov əlavə edib ki, layihə gələcəkdə Gürcüstanda hüquqi xidmətlərin rəqəmsal transformasiyasında mühüm rol oynayacaq və platformanın funksiyaları mütəmadi olaraq genişləndiriləcək.

Daha sonra çıxış edən platformanın texniki memarı, kiber cinayətlər üzrə mütəxəssis və hüquqşünas Sərxan Məmmədov bildirib ki, sistem istifadəçilərə Gürcüstanın istənilən şəhərində fəaliyyət göstərən, öz ana dilində danışan vəkillərlə əlaqə yaratmaq imkanı təqdim edəcək.

Onun sözlərinə görə, istifadəçi platforma vasitəsilə müraciət etdikdən sonra həm vəkilə, həm də müraciət edən şəxsə avtomatik bildiriş göndərilir, məsləhətləşmə üçün uyğun tarix və vaxt müəyyən edilir və bütün proses LIDA.ge platforması üzərindən idarə olunur.

Sərxan Məmmədov vurğulayıb ki, platforma hazırlanarkən həm vətəndaşların, həm də vəkillərin ehtiyacları nəzərə alınıb. Onun sözlərinə görə, süni intellekt əsaslı virtual köməkçi istifadəçiləri hüquqi prosedurlar barədə məlumatlandıracaq, müraciətlərin hazırlanmasına dəstək verəcək, sənədləşmə prosesini sadələşdirəcək və vəkillərlə istifadəçilər arasında əlaqələndirməni daha operativ şəkildə təmin edəcək.

Tədbirdə çıxış edən vəkil Sevil Ömərova layihəni yüksək qiymətləndirərək bildirib ki, bu platforma həm vəkillərin gündəlik fəaliyyətini asanlaşdıracaq, həm də vətəndaşların peşəkar hüquqi yardıma çıxışını xeyli sürətləndirəcək.

Onun sözlərinə görə, müasir dövrdə rəqəmsal texnologiyaların hüquq sahəsində tətbiqi artıq zərurətə çevrilib və LIDA.ge bu istiqamətdə mühüm addımdır.

"Platforma vəkillərlə vətəndaşlar arasında əlaqəni daha operativ quracaq, müraciətlərin idarə olunmasını sadələşdirəcək və hüquqi xidmətlərin keyfiyyətinin yüksəlməsinə öz töhfəsini verəcək. Ən vacib məqamlardan biri isə odur ki, insanlar hüquqi yardımı daha rahat və əlçatan şəkildə əldə edə biləcəklər", – deyə Sevil Ömərova bildirib.

Daha sonra çıxış edən gənclərin inkişafına dəstək verən xeyriyyəçi iş adamı Rəhim Hüseynov layihənin sosial əhəmiyyətini xüsusi vurğulayıb.

O bildirib ki, cəmiyyətin inkişafında innovativ təşəbbüslərin dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir və LIDA.ge məhz belə layihələrdən biridir.

"Bu platforma yalnız hüquqi xidmət göstərən sistem deyil, həm də insanların məlumatlılığını artıracaq və onların hüquqlarını daha rahat müdafiə etməsinə kömək edəcək. İnanıram ki, bu təşəbbüs yaxın gələcəkdə bir çox insanın həyatına müsbət təsir göstərəcək", – deyə Rəhim Hüseynov qeyd edib.

Tədbirdə çıxış edən Maarif təşkilatının sədri Aygül İsayeva isə platformanın maarifləndirici əhəmiyyətindən danışıb.

O bildirib ki, hüquqi məlumatların sadə və anlaşılan formada insanlara çatdırılması cəmiyyət üçün olduqca vacibdir və LIDA.ge bu istiqamətdə mühüm rol oynayacaq.

Aygül İsayeva qeyd edib ki, platforma xüsusilə gənclərin, etnik azlıqların və hüquqi yardıma ehtiyacı olan insanların məlumatlandırılmasına, hüquqi savadlılığın artırılmasına və dövlət xidmətlərinə çıxış imkanlarının genişlənməsinə ciddi töhfə verəcək.

Çıxış edən digər qonaqlardan biri, Gürcüstan Azərbaycanlılarının Tələbələr Birliyinin üzvü Emil Allahverdiyev layihənin gənclər üçün əhəmiyyətindən bəhs edib.

Onun sözlərinə görə, rəqəmsal texnologiyalar dövründə gənclərin hüquqi məlumatlara sürətli çıxışı böyük əhəmiyyət daşıyır.

Təqdimatın rəsmi hissəsindən sonra tədbir interaktiv müzakirələrlə davam edib. İştirakçılar layihə və platformanın funksiyaları ilə bağlı onları maraqlandıran sualları səsləndiriblər.

Layihənin rəhbəri Nahid Qurbanov və platformanın texniki memarı Sərxan Məmmədov iştirakçıların suallarını ətraflı cavablandıraraq platformanın texniki imkanları, gələcək inkişaf mərhələləri, təhlükəsizlik mexanizmləri, çoxdilli xidmət sistemi və vəkillərlə əməkdaşlıq modeli barədə əlavə məlumat veriblər.

Sonda qonaqlar layihəni yüksək qiymətləndirərək LIDA.ge platformasının Gürcüstanda hüquqi xidmətlərin rəqəmsallaşdırılması istiqamətində mühüm yenilik olacağını və gələcəkdə geniş istifadəçi auditoriyası qazanacağına inandıqlarını bildiriblər.

Bizimlə əlaqə saxlayın