01 
Avq
2026
11:26
97

Pensiyaçılara qarşı dələduzluq edən şəxs saxlanıldı – 49 min lari ələ keçirib

Tbilisidə özünü müxtəlif şirkətlərin və daha sonra Milli Bankın nümayəndəsi kimi təqdim edərək pensiyaçıları aldadan və onların 48 983 larisini mənimsəyən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluğa Qarşı Mübarizə İdarəsi və Detektivlər Baş İdarəsinin əməkdaşları külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmək ittihamı ilə bir nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs özünü müxtəlif şirkətlərin nümayəndəsi kimi təqdim edərək Tbilisidə yaşayan pensiyaçılarla əlaqə saxlayıb və kommunal güzəştlərlə bağlı bəhanə gətirərək onların şəxsi məlumatlarını qanunsuz şəkildə əldə edib.

Bundan sonra o, həmin şəxslərlə yenidən əlaqə saxlayaraq bu dəfə özünü Gürcüstan Milli Bankının nümayəndəsi kimi təqdim edib. O, vətəndaşlara bank hesablarının bloklanacağı və hesablarındakı vəsaitin müsadirə olunacağı təhlükəsi olduğunu bildirib. Guya bunun qarşısını almaq məqsədilə onlara nağd pullarını mənşəyinin yoxlanılması bəhanəsi ilə göndərdiyi vasitəçiyə təhvil verməyi təklif edib.

Nazirliyin məlumatına görə, bu dələduzluq sxemi nəticəsində saxlanılan şəxs vətəndaşlara məxsus ümumilikdə 48 983 lari məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib.

Keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxs məhkəmənin qərarı əsasında saxlanılıb.

Hazırda cinayətdə iştirak etmiş ola biləcək digər şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində istintaq tədbirləri davam etdirilir.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi və 4-cü hissəsinin "a" bəndi ilə aparılır. Həmin maddələr 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın