29 
Iyl
2026
13:26
58

DTX Tbilisidə qanunsuz silah və sursat satmaqda şübhəli bilinən üç xarici ölkə vətəndaşını saxlayıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Tbilisidə odlu silah və döyüş sursatının qanunsuz satışı faktı ilə bağlı üç xarici ölkə vətəndaşını saxlayıb.

InterPress.ge xəbər verir ki, DTX-nın yaydığı məlumata görə, istintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xarici ölkədə fəaliyyət göstərən iri cinayətkar qruplaşmalardan birinin şəbəkə üzvləridir və Gürcüstanda satış məqsədilə ölkəyə qanunsuz odlu silahlar və döyüş sursatı gətiriblər.

Bildirilib ki, DTX əməkdaşları onları Tbilisidə cinayət əməlini törədərkən saxlayıblar.

Saxlanılan şəxslərin, onların avtomobilinin və müvəqqəti yaşadıqları evin axtarışı zamanı satış üçün hazırlanmış qanunsuz odlu silahlar, döyüş sursatı, ehtimal olunan narkotik vasitə və elektron qurğular maddi sübut kimi götürülüb.

Məlumata əsasən, elektron qurğulara ilkin baxış zamanı müxtəlif cinayət əməllərini, o cümlədən xüsusilə külli miqdarda narkotik vasitələrin satışını əks etdirən foto və video materiallar aşkar edilib. Götürülmüş maddi sübutlar ekspertizaya göndərilib.

DTX beynəlxalq cinayətkar şəbəkədə iştirak edən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaqın davam etdirildiyini bildirib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 5-ci hissəsi ilə istintaq aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın