Keçmiş hüquq-mühafizə orqanı əməkdaşı dələduzluq ittihamı ilə saxlanılıb
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində külli miqdarda dələduzluq faktı üzrə bir nəfəri təqsirləndirilən şəxs qismində saxlayıblar.
InterPress.ge xəbər verir ki, qurumun yaydığı məlumata görə, istintaq müəyyən edib ki, hüquq-mühafizə orqanlarından birinin keçmiş əməkdaşı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Geka Geladze və “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin oğlu Çotne İvanişvilinin adından istifadə edərək, cinayət işi üzrə penitensiar müəssisədə saxlanılan iki təqsirləndirilən şəxsin ailə üzvlərindən onların həbsdən azad ediləcəyi və sonradan prosessual razılaşma bağlanacağı vədi ilə müxtəlif vaxtlarda ümumilikdə 11 300 lari alıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə istintaq aparılır. Həmin maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


