Ölkədə elektrik enerjisinin kütləvi kəsilməsinin səbəbi açıqlandı
"EngurHES"-in direktoru Levan Mebonia bildirib ki, Gürcüstanda baş vermiş genişmiqyaslı elektrik enerjisi kəsilməsinə 500 kilovoltluq "İmereti" elektrik xəttinin sıradan çıxması səbəb olub.
InterPress.ge xəbər verir ki, Mebonianın sözlərinə görə, xəttin sıradan çıxması nəticəsində enerji sisteminin iş rejimi pozulub və sistem tam şəkildə dağılıb.
“500 kilovoltluq "İmereti" xətti söndü. Həmin xətt mənim tabeliyimdə deyil. Hazırda aqreqatları işə salırıq, gərginlik artıq verilib və enerji təchizatı tezliklə tam bərpa olunacaq.
Əsas yük "EngurHES"dən Zestafoniyədək enerji sisteminə qoşulur. Çox böyük yük ötürülürdü. Xətt söndükdən sonra iş rejimi pozuldu və bütün enerji sistemi dağıldı. Hazırda qəzanın aradan qaldırılması prosesi davam edir”, – deyə Levan Mebonia "TV Pirveli" telekanalına telefonla verdiyi açıqlamada bildirib.
Qeyd edək ki, Gürcüstan Dövlət Elektrik Sisteminin məlumatına görə, saat 10:15 etibarilə ölkə üzrə elektrik enerjisinin verilişi tam bərpa olunub. Elektrik enerjisinin qəza səbəbindən kəsilməsi səhər saat 08:00 radələrində qeydə alınıb. Dövlət Elektrik Sistemi hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdiyini bildirib. Oxşar hadisə iyulun 24-də də baş vermişdi. Həmin vaxt da elektrik enerjisi bütün Gürcüstan ərazisində qəza səbəbindən kəsilmişdi.


