Qardabanidə yük avtomobili oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon İdarəsinin əməkdaşları nəqliyyat vasitəsinin oğurlanması ittihamı ilə əvvəllər məhkum olunmuş bir nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Qardabani bələdiyyəsinin Martkopi kəndi yaxınlığında şirkətlərdən birinə məxsus yük avtomobilini qanunsuz olaraq ələ keçirib və hadisə yerindən uzaqlaşıb.
Bildirilib ki, aparılan istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsin kimliyini operativ şəkildə müəyyən edərək onu təqsirləndirilən şəxs qismində saxlayıblar.
Polis oğurlanmış yük avtomobilini Ozurqeti bələdiyyəsində aşkar edərək maddi sübut kimi götürüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin “d” bəndi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


