24 
Iyl
2026
17:20
141

Bakı–Tbilisi–Bakı qatarının sərnişin tutumu 120 faiz artırılıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə qatarların sərnişin tutumunun artırılması ilə bağlı məlumat yayıb.

InterPress.ge xəbər verir ki, ADY-nin açıqlamasına görə, sərnişinlərin rahatlığının təmin edilməsi və səyahət imkanlarının genişləndirilməsi məqsədilə qatarların tərkibinə mərhələli şəkildə 2 komfort5 standart+ sinif vaqon əlavə olunub.

Nəticədə vaqon-restoran nəzərə alınmadan sərnişin vaqonlarının sayı 6-dan 13-ə, sərnişin tutumu isə 178 yerdən 386 yerə çatdırılıb. Bununla da ilkin tutumla müqayisədə sərnişin yerlərinin sayı təxminən 120 faiz artırılıb.

Məlumata görə, indiyədək Bakı–Tbilisi–Bakı marşrutu üzrə 23 minə yaxın sərnişin daşınıb və qatarların doluluq səviyyəsi 100 faiz olub.

ADY bildirib ki, xüsusilə Gürcüstandan Azərbaycana istiqamətdə tələbat çox yüksək olduğundan satışa çıxarılan biletlər qısa müddətdə satılır. Bu fərq yay mövsümündə və bayram ərəfəsində daha qabarıq şəkildə müşahidə olunur.

Qurum qeyd edib ki, biletlərin satış dinamikası, vaqonların doluluq səviyyəsi və sərnişin axını mütəmadi təhlil edilir. Təhlillərin nəticələrinə əsasən qatarların tərkibinin genişləndirilməsi, əlavə vaqonların istismara verilməsi və sərnişinlər üçün yeni imkanların yaradılması istiqamətində tədbirlər görülür.

Açıqlamada vurğulanıb ki, bu proses Azərbaycan və Gürcüstan tərəflərinin texniki və əməliyyat hazırlığı, sərhəd və gömrük prosedurları, qatarın hərəkət qrafiki, stansiyaların imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilir. Bu səbəbdən sərnişin yerlərinin sayı planlı və mərhələli şəkildə artırılır.

ADY əlavə edib ki, yaxın günlərdə Bakı–Tbilisi–Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi üçün Gürcüstan tərəfi ilə zəruri texniki və əməliyyat işləri aparılır.

Bizimlə əlaqə saxlayın