Marneulidə həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə ittiham irəli sürülüb
Gürcüstan Prokurorluğu həyat yoldaşını ağırlaşdırıcı hallarda öldürməyə cəhd, anasına xəsarət yetirmə və ailə zorakılığı faktları üzrə bir nəfərə ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, Prokurorluğun yaydığı məlumata görə, Daxili İşlər Nazirliyində aparılan istintaqla müəyyən edilib ki, iyulun 22-də Marneuli bələdiyyəsində təqsirləndirilən şəxs həyat yoldaşına bıçaqla xəsarətlər yetirib. O, həmçinin azyaşlının iştirakı ilə öz anasına qarşı zorakılıq edib və ona bədən xəsarətləri yetirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi elə həmin gün saxlayıblar.
Ona Gürcüstan Cinayət Məcəlləsinin ailə üzvünə qarşı azyaşlının iştirakı ilə ailə zorakılığı, ailə üzvünə qarşı qəsdən sağlamlığa yüngül zərər vurma və qadın və kişi bərabərliyinə dözümsüzlük motivi ilə ailə üzvünü ağırlaşdırıcı hallarda qəsdən öldürməyə cəhd maddələri ilə ittiham irəli sürülüb. Bu cinayətlərə görə 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.


