21 
Iyl
2026
19:36
247

Gürcüstanda çağırışçıları hərbi xidmətdən yayındırmaq üçün pul almaqda ittiham olunan şəxsin işi üzrə daha 20 cinayət epizodu aşkarlanıb

Gürcüstan Prokurorluğu çağırışçıların məcburi hərbi xidmətdən yayınmasına kömək etmək adı ilə onlardan dələduzluq yolu ilə pul almaqda və saxta rəsmi sənədlərin hazırlanmasında ittiham olunan şəxsə qarşı daha 20 cinayət epizodu üzrə ittihamı ağırlaşdırıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Müdafiə Nazirliyinin Baş Müfəttişliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2024–2026-cı illər ərzində çağırışçılara və onların ailə üzvlərinə məcburi hərbi xidmətdən yayınmaqda kömək edəcəyini vəd edib. O, bunun müqabilində həmin şəxslərdən dələduzluq yolu ilə ümumilikdə 15 400 lari alıb.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs, həmçinin saxta tibbi tarixçələrin hazırlanması, xəstəliyin simulyasiya edilməsi və “Psixi Sağlamlıq və Narkomaniyanın Qarşısının Alınması Mərkəzi” MMC-də hazırlanmış saxta sənədlərdən istifadə etməklə çağırışçıların məcburi hərbi xidmətinin təxirə salınmasına kömək edib. Bunun müqabilində isə onların ailə üzvlərindən ümumilikdə 26 900 lari aldığı bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi cari ilin aprel ayında saxlayıblar. Onun yaşadığı evdə aparılan axtarış zamanı 64 068 lari, 105 100 ABŞ dolları və “marixuana” narkotik vasitəsi aşkar edilərək götürülüb.

İlkin mərhələdə saxlanılan şəxsə 6 epizod üzrə Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi – əhəmiyyətli zərərə səbəb olan dələduzluq ittihamı irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq davam etdirildikcə əlavə 20 cinayət epizodu müəyyən olunub. Bununla əlaqədar təqsirləndirilən şəxsə qarşı dələduzluq, istifadə məqsədilə saxta rəsmi sənədin hazırlanmasında iştirak və onun istifadəsinə kömək, xəstəliyin simulyasiyası və saxta sənədlərdən istifadə etməklə çağırışçının hərbi xidmətdən yayınmasına yardım, eləcə də narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması maddələri üzrə ittiham ağırlaşdırılıb.

Sözügedən cinayətlərə görə təqsirləndirilən şəxsi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Prokurorluğun məlumatına görə, cinayət işi üzrə istintaq cinayətdə iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə davam etdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər