Kaxetidə valideynlərini silahla hədələyən şəxs saxlanılıb
Kaxeti Polis Departamentinin əməkdaşları ailə üzvlərini odlu silahla hədələmək, eləcə də odlu silah, döyüş sursatı və partlayıcı qurğunu qanunsuz əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə bir nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində valideynlərini öldürməklə hədələyib, odlu silahdan bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.
Polis tərəfindən keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxs isti izlərlə saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin üzərində və yaşadığı evdə aparılan axtarış zamanı müxtəlif növ odlu silahlar, patronlar və partlayıcı qurğu aşkar edərək maddi sübut kimi götürüblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11¹-151-ci (ailə üzvünü hədələmə) və 236-cı (odlu silah, döyüş sursatı və partlayıcı qurğunun qanunsuz əldə edilməsi, saxlanılması və daşınması) maddələri ilə istintaq aparılır.
Təqsirləndirilən şəxsi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


